Fuad Həsənov, Sputnik Azərbaycan
BAKI, 22 noyabr — Sputnik. Norveçdə keçirilən NATO hərbi təlimində Mustafa Kamal Atatürkün fotoşəkilinin düşmən siyahısında dərc edilməsi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adına saxta elektron hesabın yaradılması, təşkilatla Ankara arasında ciddi böhran yaradıb. Baş verən hadisəyə görə NATO-nun baş katibi Jens Stoltenberq Ərdoğana zəng vurub şəxsən üzr istəsə də, türklərin əsəbi soyumayıb.
Prezident Ərdoğan sonuncu çıxışında, NATO başda olmaqla, Qərb blokunun ünvanına "alçaq" ifadəsi işlədib. O, təşkilatdan çıxmaq da daxil olmaqla, Türkiyə dövlətinin hər şeyə hazırlıqlı olduğunu söyləyib.
"Bəzi səhvlər var ki, onu səfehlər yox, ancaq alçaqlar edir. Belə ittifaq ola bilməz. Biz onların planlarını görürük. Fərqli yerlərdə fərqli oyunlar gedir" — Ərdoğan bildirib.
"Mənə deyirlər ki, dünyanın super gücü olan ABŞ-a qarşı niyə belə danışırsan? Bizim üçün ən güclü olan Allahdır. Əgər silahı güc olaraq qəbul ediriksə, o zaman siyasəti buraxaq. Biz mübarizə yolumuzu seçmişik. Qalib sadəcə Allahdır" — o, əlavə edib.
Yaşananlar fonunda Türkiyənin NATO-da qalıb-qalmayacağı məsələsi gündəmə gəlib. Artıq bir çox türk rəsmilər, siyasətçilər, partiya rəhbərləri NATO-da qalmağın heç bir mənası olmadığını düşünürlər.
"Türkiyə NATO-dan əvvəl də var idi. O təşkilatdan ayrılsaq, bizim üçün dünyanın sonu olmaz" — Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
Əsas müxalifət partiyası olan CHP-nin sədri Kamal Kılıçdaroğlu da NATO hərbi təlimində baş verənləri çirkin adlandırıb.
Mövzunu Sputnik Azərbaycan-a Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl şərh edib. Professor, NATO təlimində yaşananların təxribat olduğunu bildirib.
"NATO-nun Norveçdəki hərbi təlimində yaşananlar ciddi təxribatdır. Lakin arada gərginlik olmasına baxmayaraq, hazırkı durumda, Türkiyənin NATO-dan çıxacağını düşünmürəm. Ankaranın uzun müddətdir izlədiyi yol var, bunu ani olaraq dəyişmək elə də asan deyil. Ancaq, əlbəttə zamanla bir çox şey dəyişə bilər" — professor bildirib.
Onun fikrincə, Norveçdə olanlarla bağlı Türkiyə haqlı mübarizəsini davam etdirəcək: "Ancaq bu gün əsas mövzu Türkiyənin NATO-dan çıxması deyil, təşkilatın özünün taleyinin gündəmə gəlmə ehtimalıdır. NATO-nun nə işə yaradığı, funksiyalarının nədən ibarət olduğu müzakirə olunmalıdır" — Toğrul İsmayıl qeyd edib.
Professor sonda əlavə edib ki, artıq neçə ildir Qərbdən Türkiyəyə təzyiqlər həddən artıq çoxalıb: "Bunların çoxu sifarişlidir. Ancaq bir şey var ki, bu cür təzyiqlər çoxaldıqca türk toplumu birləşir. Fərqli ideologiya və düşüncədə olan insanlar belə vəziyyətlərdə dövlətinin və prezidentinin ətrafında cəmlənirlər".
Xatırladaq ki, NATO-nun Norveçdəki hərbi təlimlərinin sonuncu günündə texniki məsələlər üzrə məsul şəxs düşmən hədəf olaraq təyin edilmiş nişangahların üzərinə Mustafa Kamal Atatürkün fotoşəklini yerləşdirib. Başqa bir addımda isə, Norveç ordusunun bir zabiti NATO-nun daxili sosial şəbəkəsində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın adı altında saxta bir hesab yaradaraq, NATO əleyhinə Ərdoğanın adından xoşagəlməz fikirlər səsləndirib. Hadisənin təfərrüatları bəlli olduqdan sonra, hər iki şəxs tutduğu vəzifədən azad edilib.
Türkiyə 1952-ci ildə NATO-ya qoşulub. Ankaranın Moskvaya yaxınlaşması və son aylarda iki tərəf arasındakı əlaqələrin sürətlə genişlənməsi Türkiyə ilə NATO arasında gərginliyin artmasına səbəb olub.