BAKI, 22 noyabr — Sputnik. Bəzi tələbələr təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Tələbələrdən parlamentin Gənclər və idman komitəsinə daxil olan müraciətlərin əksəriyyəti onların təhsil haqlarını ödəyə bilməməsi ilə əlaqədardır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov parlamentdə büdcə müzakirəsi zamanı deyib. Tələbələrin təhsil haqqı ilə bağlı problemlərinin həlli üçün ölkəmizdə Maarifçi-Tələbə Kredit Fondunun fəaliyyətini vurğulayan millət vəkili, Fondun dövlət büdcəsindən maliyyələşməsini təklif edib.
O, həmçinin ölkəmizdə "Azəristiliktəchizat" ASC-nin fəaliyyətindən narazılığını bildirib. Məsələ ilə əlaqədar Baş nazirə müraciət edən deputat Xətai rayonunda müxtəlif kombinat və zavodların yataqxanalarında istilik sisteminin olmadığını diqqətə çatdırıb.
"Azəriqaz" İstehsalat Birliyi və "Azəristiliktəchizat" ASC arasında problem var. "Azəristiliktəchizat"in "Azəriqaz"a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. "Azəristiliktəchizat" işini görə bilmirsə, özəlləşdirilməlidir" — millət vəkili vurğulayıb.