BAKI, 20 noyabr — Sputnik. Livandakı siyasi böhran səbəbindən, İran və Səudiyyə Ərəbistanı arasında gərginlik pik həddə çatıb. Sputnik Azərbaycan İranın "Mehr" agentliyinə istinadən xəbər verir ki, tərəflər bir-birlərini terrorçuluğa dəstək verməkdə günahlandırır.
Rəsmi Ər-Riyadın İranı bölgədə gərginlik yaratmaqda və məzhəbçilik yaymaqda təqsirləndirməsinə Tehranın cavabı gecikməyib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Səudiyyə Ərəbistanı rəhbərliyini terrorçuluğu təhrik etməkdə günahlandırıb.
"Regiondakı sabitsizliyə görə İranın günahlandırılması utancvericidir. Terrorçuları təhrik edən, Yəməndə müharibə başladan, Qətəri bölgədə təkləyən və Livanda siyasi böhran yaradan Səudiyyə Ərəbistandır, biz yox" — Cavad Zərif bildirib.
Xatırladaq ki, Ərəb Birliyi xarici işlər nazirlərinin yığıncağında İran əleyhinə qətnamə qəbul olunub. "İran Yaxın Şərq regionunda məzhəbçi siyasət aparmağa davam edir. Öz çirkin məqsədinə çatmaq üçün radikal qruplardan döyüşçü kimi istifadə edir. Bölgə dövlətlərinin daxili işlərinə qarışır" — qətnamədə qeyd edilib.
Son olaraq Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr Fransada təşkil etdiyi mətbuat konfransında İran rəhbərliyi əleyhinə sərt ifadələr səsləndirib. "Artıq səbrimiz tükənib. İranın bizə qarşı düşmənçiliyinə və təcavüzünə cavab verəcəyik" — Cubeyr qeyd edib.