Xudabaxşiyeva Təranə, Sputnik Azərbaycan
BAKI, 20 noyabr — Sputnik. Bu gün Azərbaycan vətəndaşlarının əksəriyyətinin banka kredit borcu var və problemli kreditlərin həcmi durmadan artır. Vətəndaşlar devalvasiyalardan öncə 0.78 AZN kursu ilə götürdükləri dollar kreditini, bu gün 1.70 AZN kursu (ən yaxşı halda) ilə ödəməkdə çətinlik çəkirlər.
Çünki vətəndaşların gəliri də manatla ifadə olunur və onlar dollarla ifadədə iki dəfədən də çox yoxsullaşıblar. Bu da öz növbəsində vətəndaşlar üçün maddi problemlərin yaranmasına səbəb olur. Təbii ki, bank, kredit borcunu ödəyə bilməyənləri məhkəməyə verir və bəzən vətəndaşların borcu bilərəkdən ödəmədikləri sübut edildikdə, onlara cinayət işi açılır və hətta azadlıqdan məhrum edilirlər.
Yaranmış vəziyyəti nəzərə alan Milli Məclisin deputatları, kredit borcunu ödəməyənlərin cəzasının yüngülləşdirilməsi ilə bağlı qanuna dəyişikliyi müzakirə edirlər. Belə ki, qanuna edilən dəyişikliyə əsasən, bu xətaya görə azadlığın məhdudlaşdırılması tətbiq ediləcək.
Azadlığı məhdudlaşdırılan şəxslər qoluna taxılan elektron qolbaqla izlənəcək. Eyni zamanda, kredit borcunun bilərəkdən ödənilməməsinə görə nəzərdə tutulan 3 il müddətinə həbs cəzasının 2 ilə endirilməsi təklif edilir.
Sputnik Azərbaycan-a açıqlama verən bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, banklar öncə bu dəyişikliyin mətbuatda özlərinə uyğun şərh edilməsinə çalışırdı: "Onlar iddia edirdilər ki, bu dəyişikliklər kredit borcunu ödəyə bilməyən bütün şəxslərə şamil olunacaq. Amma sonradan aydın oldu ki, bu, pulu olub kredit borcunu qəsdən qaytarmayanlara aiddir. Pulunun olmaması səbəbindən borcu qaytara bilməyənlər isə heç bir məsuliyyətə cəlb olunmur".
"Qəsdən, o deməkdir ki, vətəndaşın maddi imkanı olsa da, o, borcunu ödəməkdən imtina edir. Yəni, pulu, borcu ödəyə biləcək hər hansı əlavə əmlakı varsa, bu zaman borcu verməkdən yayındığı üçün həbs oluna bilər. Amma öncə məhkəmədə sübut olunmalıdır ki, həmin vətəndaşın pulu var, özü qəsdən borcu ödəməkdən boyun qaçırır" – deyə ekspert əlavə edib.
Ə. Həsənov bildirir ki, həbs cəzası həmin vətəndaşı borcu qaytarmaqdan azad etmir: "Əksinə, həm borcu qaytarmağa məcbur edilir, həm də 1-3 il müddətinə azadlıqdan məhrum olunur. İndi isə cəza 1 il yüngülləşdirilir. Amma 1 il azalma elə də ciddi bir nəticə deyil. Düşünürəm ki, heç bir fərq etməyəcək".
Ekspert borcu qəsdən verməyənlərin cəzalanmasının tərəfdarıdır: "Nəzərə alaq ki, borcu verməyənlərin əksəriyyəti imkanlı adamlardır və biznes sahibləridir. Onların banka borcu var, amma qaytarmırlar. Belə hallar da ölkənin iqtisadi sistemini faktiki olaraq çökdürür".
Vəkil Adəm Məmmədov isə, Sputnik Azərbaycan-a deyir ki, Avropa İnsan Hüquqları Konvensiyasında qəbul olunmuş qərara əsasən, mülki işlərə görə heç kim məsuliyyətə cəlb oluna bilməz: "Bir sözlə, borca görə heç kim tutula bilməz. Bank kredit verməsin. Bank kredit verdiyi şəxsin ödəmə qüvvəsini dərindən araşdırmadan borc verir və nəticədə də belə olur. Mən düşünürəm ki, borca görə vətəndaş məsuliyyətə cəlb olunmamalıdır".