BAKI, 10 noyabr — Sputnik. Azərbaycanda ard-arda baş verən iki devalvasiya bank sistemində ciddi problemlər yaradıb. Banklar yaranmış vəziyyətdə insanların ödəniş qabiliyyətinin aşağı olmasını nəzərə alaraq, müştəri seçimində fərqli meyarlar tətbiq etməyə başlayıb. Belə ki, banklar kredit şərtlərini ağırlaşdırır, müştəriləri diqqətlə yoxladıqdan sonra kredit verir. Amma bəzi soaial kateqoriyalar var ki, onlara ümumiyyətlə heç bir halda kredit verilmir. Məsələn, jurnalistlərə.
Sputnik Azərbaycan-ın məlumatına əsasən, bank işçiləri dəfələrlə, heç bir səbəb göstərmədən jurnalistə şifahi şəkildə bildiriblər ki, KİV nümayəndələrinə kredit vermirlər. Təbii ki, jurnalist bankdan imtina ilə bağlı yazılı izahat tələb edəndə, ona kağız üzərində başqa səbəblər göstərilir.
Bəzi banklar isə kredit almaq istəyən jurnalistlərə şifahi şəkildə bildiriblər ki, onlara Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası media nümayəndələrinə kredit verməmək barədə göstəriş verib.
Sputnik Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasına sorğu göndərərək məsələni dəqiqləşdirib. Palata sorğuya cavab verib.
“Sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası qanunvericilik aktları çərçivəsində fəaliyyət göstərir. Qeyd edək ki, palata tərəfindən VÖEN-i olan sahibkarlara fiziki şəxs olaraq istehlak kreditinin verilməsi ilə bağlı hər hansısa bir məhdudiyyət qoyulmayıb.
Palatanın göstəriş ondan ibarətdir ki, Sahibkara biznes kreditlərinin verilməsi onun şəxsi hesabına yox, sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı hesaba köçürmə yolu ilə aparılsın. Qeyd olunan göstəriş isə “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun tətbiqi ilə bağlı bankların biznes kreditlərinə şamil olunur”.