Fuad Həsənov, Sputnik Azərbaycan
BAKI, 16 noyabr — Sputnik. Avropa və Asiya qitələrini bir-birinə bağlayan, üç tərəfi dənizlə əhatəli, möhtəşəm təbiətə sahib Türkiyə Respublikası getdikcə dünyanın ən cazib mərkəzinə çevrilir. Turist axını ilə yanaşı, bu ölkəyə köçmək, buradan ev almaq istəyənlərin sayı hər keçən gün daha da artır.
Həmçinin də bizim ölkədən. Son 10 ildə Azərbaycandan Türkiyəyə birdəfəlik köçənlərin sayı qeyri-rəsmi məlumatlara görə 100 mini keçib.
Qardaş respublikaya üz tutanlar, orada şəxsi mənzilə sahib olmağın asanlığından razılıq edirlər. Belə ki, Türkiyədə mənzillərin qiymətləri bizdəkindən xeyli ucuzdur.
Bu, ən azı 2015-ci ilin fevralına qədər, yəni Azərbaycanda ilk devalvasiya olan tarixə qədər belə idi. İnsanımız əlindəki manatı, dəyəri bizim puldan 3 qat aşağı olan türk lirəsinə çevirərək Türkiyədən geniş və ucuz qiymətə təmirli mənzillər ala bilirdi.
Məsələn 2015-ci ilin əvvəlinə qədər, əlində 30 min manatı olan bir azərbaycanlı İstanbulda, şəhərin içindən 110 kvmetr sahəsi olan, təmirli, yenitikili mənzil ala bilərdi. Təsəvvür edin ki, həmin pula o dövrdə nəinki Bakı şəhərində, hətta Sumqayıtda belə, 50 kvadrat metrlik, təmirli mənzil almaq mümkün deyildi. İndi də həmçinin.
Ölkəmizdə ard-arda yaşanan devalvasiyalar manatla türk lirəsi arasında 3 qat uçurumu 1 pillə geriyə, 2 qata saldı. Hazırda yuxarıda misal olaraq verdiyimiz 110 kvmetrlik təmirli mənzili İstanbulda 30 minə yox, 60 min manata almaq olar.
Mövcud vəziyyətin özü belə, Türkiyədə mənzillərin qiymətinin Bakıdan xeylu ucuz olduğunu göstərir. Əlbəttə, yerləşdiyi bölgəyə və kvadratına görə ev qiymətlərində fərqliliklər var.
Lakin nəzərə alsaq ki, İstanbul dünyanın mərkəzi, üstəlik meqapolisdir, o zaman asanlıqla anlamaq olar ki, Bakıdakı mənzil qiymətləri reallığa uyğun deyil, üstəlik şişirdilmədir. Çünki paytaxtımızda 60 min manat dəyərində 100 kvadrat metr ölçüdə, təmirli mənzil almaq mümkün deyil. Hətta o ölçüdə Sumqayıtda, Gəncədə belə, təmirli mənzil almaq müşkül məsələdir.
Villalar və həyət evlərində isə vəziyyət bizdə Türkiyədəkindən daha əlverişlidir. Çünki qonşu ölkədə bu tip evlər olduqca bahadır. Bahalıq daha çox İstanbul, İzmir və Ankara şəhərlərindədir. Antalyada isə villalar çox ucuzdur, Bakıdakından qat-qat ucuz.
Məsələn, Antalya, Bodrum, Kuşadası və s. kurort zonalarda 200 kv metr təmirli, iki mərtəbəli vilanı 100 min manata almaq mümkündür. Azərbaycanın paytaxtı Bakıda isə 100 min manata ancaq Türkan, Fatmayı, Gorədil və s. oxşar ərazilərdə həyət evi tapa bilərsiniz…