BAKI, 16 noyabr — Sputnik. Tolerantlıq Azərbaycan cəmiyyətinin qədimlərdən gələn ənənəsidir. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə, Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva deyib.
O bildirib ki, Azərbaycan xalqı öz qonşuluğunda yaşayan xalqlara, dövlətlərə qarşı hər zaman tolerant yanaşıb: "Bu gün cəmiyyətimizdə nəsillər arasında tolerantlığın pozulması tendensiyası müşahidə olunur. Hazırda Sovet ənənələri ilə böyümüş insanlar indiki azad cəmiyyətin insanları ilə münasibətlərdə gərginlik yaşayırlar".
"Cəmiyyətin tolerant olması üçün onun doğru nümunələrlə tərbiyə olunmasına ehtiyac var. Bu gün bəzi dəyərlərin aşınmaya uğramasına səbəb cəmiyyətin problemlərin həllinə yanaşmasıdır. Bizim ümumi cəmiyyətimizdə tolerantlıq mövcud olsa da, ailədə bu, özünü heç də yaxşı nümayiş etdirmir" — Y. Hacıyeva bildirib.