BAKI, 31 avqust — Sputnik. "Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Mənim hüquqlarım – mənim dövlətim!" layihəsini həyata keçirib.
Layihənin məqsədi insan hüquq və azadlıqlarının qorunması sahəsində mövcud hüquqi müdafiə mexanizmlərinin təşviqi, vətəndaşların Konstitusiya Məhkəməsinə, Ombudsmana, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan İctimai Şuralara müraciətlə bağlı mövcud prosedur və qaydalar barədə vətəndaşların məlumatlandırılması olub.
Layihə çərçivəsində Oğuz, Qax, Baləkən rayonlarında "Mənim hüquqlarım – mənim dövlətim!" mövzusunda ictimai mühazirələr keçirilib. İctimai mühazirələrdə gənclər, vətəndaş cəmiyyətinin gənc fəalları iştirak edib.
Layihə hüquqşünası Zaur Quliyev, eksperti Zaur İbrahimli gənclərə insan hüquq və azadlıqlarının qorunması sahəsində mövcud hüquqi müdafiə mexanizmləri barədə məlumat veriblər. Z.Quliyev vətəndaşların Konstitusiya Məhkəməsinə, Ombudsmana, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan İctimai Şuralara müraciət olunması ilə bağlı qanunveirciliyin tələblərini izah edib. Həmçinin, bu təsisatların səlahiyyət çərçivəsi, vəzifələri ilə bağlı məlumat verib.
Z.İbrahimli isə konkret keyslər, məsələlərlə bağlı müraciət forması və təyinatı ilə bağlı iştirakçıları nümunələrlə tanış edib. Layihə hüquqşünası və eksperti iştirakçıların sullarını da cavabalandırıblar.
Ümumilikdə, ictimai mühazirələrdə 80-dən çox gənc iştirak edib.
Bundan əlavə layihə çərçivəsində insan hüquq və azadlıqlarının hüquqi müdafiə mexanizmləri, vətəndaşların Konstitusiya Məhkəməsinə, Ombudsmana, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan İctimai Şuralara müraciətlə bağlı mövcud prosedur və qaydalar barədə KİV-də maarifləndirici məqalələr dərc edilib.