BAKI, 15 noyabr — Sputnik. Bu gün səhər saatlarında Bakı metrosunun "Xalqlar Dostluğu" — "Dərnəgül" istiqamətində hərəkət edən qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb. Sərnişin sıxlığı yarandığı üçün vətəndaşlar yenə də vaqonlara minməkdə çətinlik çəkiblər.
Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək üçün "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ilə əlaqə saxlayıb. O bildirib ki, buna səbəb, səhər 08:18 radələrində bir vətəndaşın qəfildən relslərin üzərinə yıxılması olub.
"O, 1963-cü il təvəllüdlü Sevda Osmanova olub. "Xalqlar Dostluğu" stansiyasında qatar olmayan vaxtda relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsiylə qatar stansiyaya daxil olanda maşinist saxlayıb, qadını oradan çıxarıblar" — Paşayev bildirib.
Metropoliten təmsilçisi qeyd edib ki, başından xəsarət alan qadın dərhal təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.
Nəsimi Paşayev sərnişinlərə xəbərdarlıq da edib: "Sərnişinlər təhlükəsizlik xəttini keçməsinlər. Ən əsası da bugünkü hadisə zamanı 3 sərnişin relslərin üstünə atlayaraq yıxılan sərnişinə yardım etməyə çalışıb. Bu, qətiyyən yolverilməzdir. Çünki bu, onların həyatı üçün də təhlükə yaradır".
"Sərnişinin xilas edilməsi zamanı xəttə interval yaranıb. Hazırda qatarlar müəyyən olunmuş interval üzrə hərəkətdədirlər" — o, əlavə edib.