CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Metropoliteni: Bura işə düzəlmək üçün Şaxta Babaya müraciət edin...

© Sputnik / Murad OrujovНовая ветка Бакинского метрополитена
Новая ветка Бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
Nəsimi Paşayev: "Yuxudan oyanan kimi təəccüblənirlər və geri qaytarılmalarını istəyirlər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. Dünyada ilk metro stansiyası 1863-cü ildə Londonda istifadəyə verilib. XX əsrin 30-cu illərinin əvvəllərində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də, Moskva və Leninqrad (indiki Sankt-Peterburq – red.) şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisinə qərar verilmişdi. Lakin İkinci Dünya müharibəsinin başlanması, 1941-1945-ci illərdə isə SSRİ-nin bu müharibəyə qoşulması Bakı metropoliteni layihəsinin təxirə salınmasına səbəb olmuşdu.

© Sputnik / V.Kalinin / Mediabanka keçidBakı Metroliteninin "Ulduz" stansiyası. 1 may 1970-ci il
Bakı Metroliteninin Ulduz stansiyası. 1 may 1970-ci il - Sputnik Azərbaycan
Bakı Metroliteninin "Ulduz" stansiyası. 1 may 1970-ci il

Müharibə başa çatandan 2 il sonra hökumət layihə-axtarış işlərinə start verilməsi barədə qərar qəbul edir. Amma 1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metropolitenin istismara verilməsini xeyli gecikdirir.

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidBakı Metropoliteninin "Bakı Soveti" (indiki "İçərişəhər") stansiyası 2004-cü ildə
Bakı Metropoliteninin Bakı Soveti (indiki İçərişəhər) stansiyası 2004-cü ildə - Sputnik Azərbaycan
Bakı Metropoliteninin "Bakı Soveti" (indiki "İçərişəhər") stansiyası 2004-cü ildə

Nəhayət, 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası — Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir. Həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara Şəhər adlanan ərazidə yerləşən "Xətai" stansiyası idi. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı. Beləliklə, 1967-ci ildə istifadəyə verilən Bakı metrosu "Ginnesin Rekordlar Kitabı"na İslam Şərqində ilk metro kimi düşür.

© Sputnik / Murad OrujovMetropolitenin deposu
Metropolitenin deposu - Sputnik Azərbaycan
Metropolitenin deposu

Gələcəkdə Bakı metropoliteni xətlərinin uzunluğunun 119 kilometrə, stansiyaların sayının isə 76-ya çatdırılması planlaşdırılır.

Onu da qeyd edək ki, Bakı metrosu həm də ən böyük faciəni yaşamış metro kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. 28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb.

© Sputnik / Murad OrujovNəriman Nərimanov stansiyası
Nəriman Nərimanov stansiyası - Sputnik Azərbaycan
Nəriman Nərimanov stansiyası

Bu gün Bakı Metropoliteni QSC yaradılmasının 50 illik yubileyini qeyd edir. Yarım əsr yaşı olan metropoliten hər gün yüz minlərlə sərnişini mənzil başına çatdırır. Ən sürətli və təhlükəsiz sərnişindaşıma vasitəsi olan metro, pik saatları çıxmaq şərtilə, həm də rahat nəqliyyat növüdür. Biz də yubiley ərəfəsində "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin müşayiəti ilə 50 yaşlı Bakı Metropoliteninin sərnişinlər üçün görünməyən iş rejimi ilə tanış olub, yer altının gizlinlərini öyrənməyə çalışdıq.

© Sputnik / Murad Orujov"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Sputnik Azərbaycan-a danışır
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Sputnik Azərbaycan-a danışır - Sputnik Azərbaycan
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Sputnik Azərbaycan-a danışır

Tanışlığa öncə "Depo"da yerləşən idarədən başladıq. Nəsimi Paşayev bizə idarə haqqında məlumat verdi: "2014-ci ildə "Bakı Metropoliteni" QSC yaranandan sonra metropolitenə aid olan idarələrin əksəriyyətində əsaslı təmir işləri aparılıb. İdarələrin həyətində işçilərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün parklar salınıb, idman salonu fəaliyyət göstərir. Yeməkxanalar yüksək səviyyədə düzəldilib. İşçilərə nahar yeməyi 60 faiz qurum hesabına verilir. Qidalara ciddi nəzarət edilir. Tez-tez işçilər arasında anonim sorğular keçiririk. Bunun sayəsində dərhal çatışmazlıqlardan xəbər tuturuq və onları aradan qaldırırıq".

© Sputnik / Murad OrujovMetropoliten şəhidlərinə abidə
Metropoliten şəhidlərinə abidə - Sputnik Azərbaycan
Metropoliten şəhidlərinə abidə

İdarənin həyətində Qarabağ müharibəsində şəhid olan işçilərin şərəfinə abidə ucaldılıb.

Nəsimi müəllimlə metro tarixindən danışa-danışa idarədə yerləşən qaraja çatdıq. Vaqonların təkərlərinin təmiri, bəzi kosmetik işləri bu qarajda aparırlar. Təəssüf ki, biz qaraja gələn zaman nahar fasiləsinə düşdüyümüzdən, iş prosesini müşahidə edə bilmədik.

Fürsətdən istifadə edib Nəsimi Paşayevdən bir qatarın istismar müddətini soruşduq. Onun sözlərinə görə, hazırda metropolitenin istifadəsində 280 ümumi vaqon var, iş zamanı xəttə isə 42-46 qatar buraxılır və hər qatar 5 vaqondan ibarət olur: "Cəmi 3 yeni qatarımız var. Qalanları köhnədir. Amma hələ heç biri istismar müddətini başa vurmayıb. Növbəti illərdə vaqonlar istismar müddətini başa vuracaqlar və onları yeni qatarlarla əvəz etməli olacağıq".

İdarədə yerləşən digər qarajda isə qatarlar texniki baxışdan keçirilir. Xətdə olan qatar müəyyən olunmuş dövrədən sonra qaraja qayıdır və ustalar tərəfindən yoxlanır. Hər hansı kiçik problem müəyyən olunarsa, yerindəcə düzəldilir və qatar yenidən xəttə buraxılır.

© Sputnik / Murad OrujovDepodakı qatarlar
Depodakı qatarlar - Sputnik Azərbaycan
Depodakı qatarlar

Nəsimi Paşayev bu məlumatları danışan zaman ustalardan biri bizə yaxınlaşaraq salamlaşdı. Mətbuat xidmətinin rəhbəri onun salamına cavab verərək, həmin gəncin metroya işə düzəlməsinin maraqlı tarixçəsini nəql etdi: "Mən artıq bir neçə ildir ki, Yeni İl bayramında Şaxta Baba paltarı geyinib, metro stansiyalarını gəzirəm. Bir dəfə bayram günü yenə də ənənəyə sadiq qalaraq Şaxta Baba geyimində stansiyada gəzirdim. Bir qadın yaxınlaşıb dedi ki, Şaxta Baba kimi sizdən xahişim var. Oğlum metropoliten sahəsi üzrə oxuyub, amma iş tapa bilmir. Kömək etsəniz sevinərəm. Mən də bir Şaxta Baba kimi, xanımın arzusunun yerinə yetməsinə yardımçı oldum. (Hər ikimiz gülürük.) Oğlu imtahan verdi və öz savadı ilə işə qəbul oldu. Həmin oğlan bu gəncdir".

Mənə maraqlı olan məqamlardan biri də qatarda yuxulayaraq səhvən qaraja gələn sərnişinlərlə bağlı idi. Nəsimi Paşayev bildirdi ki, xüsusilə axşam saatlarında yorğun olub qatarda yatıb qalan sərnişinlər təsadüf nəticəsində qaraja gəlib çıxır: "Oyanan kimi təəccüblənirlər və geri qaytarılmalarını istəyirlər. Təbii ki, biz də onlara kömək edirik".

© Sputnik / Murad Orujov"Nizami" stansiyasının vestibülü
Nizami stansiyasının vestibülü - Sputnik Azərbaycan
"Nizami" stansiyasının vestibülü

Daha sonra metro vaqonları üçün lazım olan bəzi detalların hazırlanacağı yeni zavoda getdik. Tikintisində tamamlama işləri aparılan zavodun metropoliten üçün xüsusi əhəmiyyəti var. Nəsimi müəllim qeyd edir ki, hələ də detalları xaricdən aldığı üçün metropoliten çox vəsait itirir: “Artıq az xərclə daha çox detal istehsal edəcək zavodumuz var. Hətta gələcəkdə istək olarsa, xaricə sata biləcəyimiz materiallarımız olacaq. Moskvadan gələn mütəxəssislər bizim tətbiq etdiyimiz yenilikləri görüb, öz ölkələrində bu təcrübədən yararlanırlar”.

İdarədən ayrılıb “Bakmil” stansiyasına getdik. Qatara cəmi bir dəqiqə gecikdiyimiz üçün təxminən 30 dəqiqə gözləməli olduq. “Nərimanov” stansiyasında yeni qatara mindik. Nə yalan deyim, illərdir metrodan istifadə edən sərnişin kimi maşinist kabinəsi və həmin kabinədən tunelin necə göründüyü həmişə mənə maraqlı gəlib. Nəsimi Paşayevin müşayiəti ilə maşinist kabinəsinə mindim və bir neçə stansiya getdik. Qatar gedərkən, maşinist-sərnişin düyməsini basıb "bir az bərk sür də" deyən iki azyaşlı oğlanın səsi gəldi. Maşinist "düymə ilə oynamayın" deyib onları xəbərdar etdi və üzünü bizə çevirib "belə hallar tez-tez olur" dedi.

“28 May” stansiyasında maşinistə təşəkkür edib, sağollaşdıq. Mən redaksiyaya, Nəsimi Paşayev isə idarəyə tələsirdi. Zarafat deyil, Bakı Metropoliteninin 50 yaşını qeyd edir! Görüləcək o qədər iş, qarşılayacağı o qədər qonaq var idi ki…

Xəbər lenti
0