CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cinayət törədib, azadlıqda gəzə biləcəyik – Məcəlləyə dəyişiklik

© Sputnik / Murad OrujovНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət Məcəlləsinə edilən bu dəyişiklik cəmiyyətə nə vəd edir?

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 noyabr — Sputnik. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 300-dək dəyişiklik təklif edilib. Həmin dəyişkliklər artıq birinci oxunuşda qəbul edilib. İctimaiyyətin diqqətini cəlb edən və müzakirə doğuran məsələlərdən biri də Cinayət Məcəlləsinin 79-cu maddəsinə (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) edilən dəyişikliklə bağlıdır. Həmin dəyişikliyə əsasən, 79.1-ci maddədə (hər üç halda) və 79.3-cü maddədə "səkkiz" sözü "on dörd" sözləri ilə əvəz edilib.

Təklif olunan 79.1-ci maddədə deyilir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə 5 ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə, məhkum edilmiş hamilə qadınlar və ya 14 yaşına qədər uşağı olan qadınlar, habelə 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq 14 yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Mövcud variantda isə bu, 8 yaş olaraq göstərilirdi.

AR Cinayət Məcəlləsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cinayət Məcəlləsinə dəyişiklik edildi

Hüquqşünas Asif Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında dəyişikliyi müsbət qiymətləndirib: "Uşağı 8 yaşa qədər saxlamaq, dolandırmaq kifayət etmir. Bəs 8 yaşından sonra da uşağın valideyn himayəsinə, nəzarətə, diqqətə ehtiyacı yoxdur? Ona görə də, bu dəyişiklik zəruridir. 79-cu maddə himayəsində 8 yaşına qədər uşağı olan analar və yaxud uşağı təkbaşına böyüdən atalara aiddir. Bunlarda dəyişiklik yoxdur, sadəcə yaş artırılır".

Hüquqşünas sual qoyur ki, məsələn, ana 8 yaşınadək uşağını böyüdür, sonra isə cəzasını çəkməyə gedirsə, uşağın sonrakı aqibəti necə olacaq? Qanunvericilikdə bu məqam qaranlıq qalır:

"On dörd yaşına çatmış uşaq artıq 15 yaşdan sonra əmək müqaviləsi bağlaya, işləyə bilər. Bu dəyişiklik məqsədəuyğundur. Uşaqların hüquqlarının qorunması baxımından müsbət addımdır. Qanun tətbiq də edilməlidir ki, effektini görən olsun, nəticə versin".

Sui-istifadə hallarına gəlincə, hüquqşünas deyib ki, bunun baş verməsinə inanmır. Çünki bu, 5 ildən yuxarı olmayan cəzalar üçün nəzərdə tutulub: "Burada şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törədən cinayətkarlar istisnadır. Yəni, bu dəyişiklik yalnız 5 ildən çox olmayan cəzaya məhkum edilmiş valideynlərə şamil olunur".

Hüquqşünas Elyar Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, cəmiyyətin vəziyyəti nəzərə alınaraq qanunvericilikdə məcburən müəyyən dəyişikliklərə, yaxud islahatlara gedilir:

"Bu dəyişiklik humanist addımdır. Amma bəzən humanist addım sui-istifadələrlə nəticələnə bilir. Bu da cinayətkarlığın artmasına gətirib çıxarda bilər. Yaxud da, cəzanın məqsədlərindən biri cinayət törətmiş şəxsin islah edilməsidir, onun cəmiyyətə qazandırılmasıdır. Həmçinin, digər şəxslərin həmin cəzadan qorxaraq cinayət törətməməsidir".

Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda 34 cinayət üzrə cəza müddəti aşağı salınacaq

Onun sözlərinə görə, bu dəyişiklik müsbət də, mənfi də effekt verə bilər. Humanist addım olması baxımından müsbətdir. Yetkinlik yaşına çatmayan uşaqlar valideyn himayəsindən məhrum olanda, bu, onların şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərir. 8 yaşla 14 yaş arasında böyük fərq var. Anası cəzaçəkmə müəssisəsində olan övlad anasız böyüyürsə, o mənfi şəxsiyyət kimi formalaşa bilər. Digər tərəfdən, bu dəyişiklik bəzi insanlarda kriminal meyllərin artmasına gətirib çıxarda bilər. 12 yaşında uşağı olan analar müəyyən əməlləri törətməkdən çəkinməzlər ki, onsuz da onlara güzəşt olunacaq, bu güzəştdən istifadə edə biləcəklər.

Uşaq hüquqları üzrə ekspert Dadaş Əhmədov da Sputnik Azərbaycan-a açıqlamasında bu dəyişikliyin uşaq hüquqlarının qorunması baxımından çox əhəmiyyətli olduğunu deyib.

Qeyd edək ki, təklif olunan 79.3-cü maddədə deyilir ki, uşaq 14 yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir. Mövcud variantda isə bu, 8 yaş olaraq göstərilirdi.

Xəbər lenti
0