Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 7 noyabr — Sputnik. Noyabrın 6-da Bakı metropoliteninin yaradılmasının 50 illiyini qeyd olundu. Artıq yarım əsrdir ki, metropoliten paytaxt sakinlərini mənzil başına çatdırır. Metro işçiləri səhər saat 6-dan gecə saat 12-yə kimi sərnişindaşıma ilə məşğul olurlar. Amma metroda iş sutka ərzində bir dəqiqə belə, dayanmır. Gecə saatlarında təmir qrupları metrodakı mümkün nasazlıqların, qüsurların aradan qaldırılması üçün ciddi rejimdə çalışırlar.
Sputnik Azərbaycan yarım əsr yaşı olan metronun sirlərini maşinist Abbas Abbasovdan öyrənməyə çalışıb. Artıq 9 ildir həyatının bir hissəsini qaranlıq tuneldə keçirən maşinist, müsahibəsində gündəlik işi barədə danışıb.
— Metropolitendə işləmək çətin deyil?
— Metroda işçi kimi 2008-ci ildən işləyirəm. 8 ay depoda işlədim. Daha sonra imtahan verib maşinist köməkçisi oldum. Bir müddət bu vəzifəni icra etdikdən sonra, imtahan verib maşinist vəzifəsinə keçdim. İşimi sevdiyim üçün mənə çətin deyil.
— Metro qatarı sürməyə sevginiz haradan qaynaqlanır?
— Qatar idarə etmək uşaqlıq arzum olub. Arzumu gerçəkləşdirmək üçün bu sahəni seçdim. Peşman deyiləm. Avtomobillə metro qatarının fərqi həddindən artıq çoxdur. Elementar bir fərqi deyim. Maşında sükan olur, metro qatarı sükansız idarə olunur. Eyni zamanda, idarə üsulları da fərqlidir. Sadəcə, mən avtomobili deyil, qatarı idarə etməyi daha çox sevirəm.
— Yerin altında tənha şəkildə, saatlarla eyni marşrut xətti üzrə hərəkət etməkdən yorulmursuz?
— İlk vaxtlarda maşinist köməkçisi ilə işləyirdim və darıxmırdıq. Heç olmasa bir-birimizlə söhbət edirik. Daha sonra qatarı tək idarə etməyə başladım. Etiraf edim ki, ilk günlər tək işləyəndə darıxdırıcı olurdu. Daha sonra tək işləməyə öyrəndim.
— Sükan arxasında hansısa xoşagəlməz hadisə ilə qarşılaşmısız?
— Bəli. Bir neçə dəfə stansiyada qatar işə düşməyib. Yəni, texniki nasazlıqlar olub. Amma vəziyyətdən vaxtında çıxa bilmişik.
— Heç qatar idarə edərkən kimsə özünü qatarın altına atıb və ya təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən platformadan yıxılıb?
— Mən qatar idarə edərkən heç kim özünü atmayıb. Amma metropoliten tarixində belə hallar olub.
— İşin gedişində başınıza hansı maraqlı hadisələr gəlib?
— Qatarın vaqonlarında maşinistlə əlaqə düyməsi var. Dəfələrlə o düyməni basıb zarafat edənlər olur. Biri düyməni basıb deyir ki, oradan çay-kofe gətir, digəri qayıdır ki, kondisioneri qoş. Hətta söyüş söyənlər də olur. Təbii ki, biz onlara heç bir reaksiya vermirik. (Müsahibə zamanı belə hadisənin şahidi olduq. Belə ki, qatar gedərkən düyməni basıb maşinistə "bir az bərk sür də" deyən iki azyaşlı oğlanın səsi gəldi. Maşinist "düymə ilə oynamayın" deyib onları xəbərdar etdi və üzünü bizə çevirib gülərək "belə hallar tez-tez olur" dedi. – T.X.).
— Kameralar vasitəsi ilə sərnişinləri izləyə bilirsiniz?
— Bir dəfə təsadüfən bir sərnişini kamera vasitəsi ilə gördüm. Əlində böyük qaz ilə qatarda gedirdi. Ümumiyyətlə, kameralarda çox sayda maraqlı halları müşahidə edirəm. O qədər olur ki… Hamısını xatırlamıram.
— İş zamanı gülməli hallarla qarşılaşmısız?
— Yeni qatarlarda belə bir funksiya var. Qatarın qapıları avtomatik olaraq 2 dəfə açılıb-örtülür. Üçüncü dəfə artıq qapılar avtomatik bağlanır. Bir dəfə qapı 2 dəfə açılıb bağlandı, bu zaman bir neçə sərnişin fürsətdən istifadə edib vaqona daxil ola bildi. Bunu görən bir xanım da vaqona girməyə çalışdı. Bu dəfə qapı avtomatik bağlandığı üçün xanım qapıda sıxıldı. Təbii ki, müdaxilə edərək qapıları açdım. Bir dayanacaq gedəndən sonra qadın düşdü və maşinist kabinəsinə yaxınlaşıb mənə iradını bildirdi: "Yekə kişisən, başqaları üçün qapı açırsan, mənim üçün açmırsan". Ümumiyyətlə, belə gülməli hallarla tez-tez rastlaşırıq. Platformada bizim arxa hissəni görmək, vəziyyətə nəzarət etməmiz üçün böyük güzgü quraşdırılıb. Gənclər çox zaman ondan özlərinə baxmaq üçün istifadə edirlər. Bu, bizim işimizə bir az da olsa mane olur. Amma heç nə demirik…