BAKI, 6 noyabr — Sputnik. XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Bununla da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini nəqliyyatından təmizləmək mümkün olurdu.
Lakin bir qədər sonra başlanan 1941-1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12.1 km-lik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700-m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.
1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metropoliteninin istismara verilməsini xeyli gecikdirir.
1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır.
1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası — Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.