BAKI, 1 noyabr — Sputnik. Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, Əminə Okuyevanın Kiyev yaxınlığında qətlə yetirilməsinin arxasında Ukraynanın xüsusi xidmət orqanları dayanır.
Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən məlumatına görə, "Əgər ayı qarşında dayanıbsa, ayı izlərini axtarmağa ehtiyac yoxdur! Kiyevdə yaxşı bilirlər ki, Nikiforovanı (əvvəllər Okuyevanı Anastasiya Nikiforova adlandırırdılar — red.) özünün doğma xüsusi xidmətləri amansızcasına güllələyib. Taras Bulbanın sözləri ilə desək, kim doğdusa, o da öldürdü" – deyə Kadırov öz “Telegram” messencerində yazıb.
Onun sözlərinə görə, Kiyevdə iki yox, üç casusu öldürmək istəyiblər. Çeçenistanın başçısı hesab edir ki, Ukrayna "qərbli ağalar"ın diqqətini ölkə daxilindəki hökumət əleyhinə mitinqlərdən yayındırmaq və növbəti dəfə Rusiyanı bütün bəlalarına görə günahlandırmaq üçün "doğma banditlər"indən qurtulmaq istəyib.
Naməlum şəxslər ötən gün Kiyev vilayətində Əminə Okuyevanın avtomobilini atəşə tutublar. Güllələrdən biri Okuyevanın başına dəyib və o, ölüb. Onun əri, Cövhər Dudayev adına batalyonun komandirlərindən biri olan Adəm Osmayev isə yaralanıb. Onları güllələyənlərin iki nəfər olduğu məlumdur. Faktla bağlı "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb. Sui-qəsdlə bağlı Kiyev Rusiya xüsusi xidmət orqanları və Osmayevin həmyerlisi Kadırovu ittiham edir.
Prokurorluq Okuyevə qarşı cinayəti törədənin Ali Radanın deputatı İqor Mosiyçuka qarşı sui-qəsd törədənlə (oktyabrın 26-da İqor Mosiyçuk yaşadığı binadan çıxarkən həyətdə park edilmiş motosiklet partladılıb və nəticədə iki polis — Mosiyçukun mühafizəçisi Ruslan Kuşnir və qonşuluqda yaşayan 36 yaşlı polis kapitanı Mixail Mormel ölüb. Deputat özü isə yüngül xəsarət alıb-red.) eyni qrup olub-olmadığı ehtimalını araşdırır.
Xatırladaq ki, bu, sözügedən cütlüyə qarşı ilk sui-qəsd deyil. İyunun 1-də Kiyevdə "Kiyev-2" batalyonunun könüllüsü, Rusiyada prezident Vladimir Putinə sui-qəsd hazırlamaqda günahlandırılan Adəm Osmayev və xanımı Əminə Okuyeva özünü fransalı jurnalist kimi təqdim edən şəxslə görüşə gediblər. Görüş zamanı "jurnalist" tapança çıxararaq Osmayevə hücum çəkib. Osmayevin yoldaşı Əminə tabel silahdan cavab atəşi açıb və hücum edən şəxsi yaralayıb. İkinci cəhd isə Okuyevanın öldürülməsi, Osmayevanın isə yaralanması ilə nəticələnib. Ukrayna tərəfi, sui-qəsdin qabaqcadan planlaşdırıldığını və Rusiyanın xüsusi xidmət orqanları tərəfindən hazırlandığını bildirib.
Kiyevdə rezonans doğuran cinayətlərdə ardıcıl olaraq "Rusiya izləri" axtarırlar. Moskva isə bu ittihamları absurd adlandırır.
2012-ci ildə Odessada üç gəncdən ibarət qrup zərərsizləşdirilmişdi. Onlar Çeçenistan əsilli Adəm Osmayev və Ruslam Madayev, həmçinin Qazaxıstan kökənli İlya Pyanzin idi. Onların yaşadığı evdə təsadüfən əldəqayırma bomba işə düşmüşdü. Madayev ölmüşdü. Pyanzin isə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarına bildirmişdi ki, o və cinayət ortaqları Vladimir Putin və Ramzan Kadırova qarşı sui-qəsd hazırlayırdılar.