CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı cütlükdən həyat dərsi: ömür ömrə belə calanar

© Sputnik / Ilham MustafayevƏli baba və Gülüş nənə
Əli baba və Gülüş nənə - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət qanunları pozulduğu zaman qarışıqlıq yarandığı kimi, ailədə olan qanunlar da pozulanda hərc-mərclik baş verir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. Onlar 70 ilə yaxındır, birgə yaşayırlar. Daha dəqiqi, 69 ildir bir-birilərinə qarşılıqlı hörmət, sədaqət və sevgiylə yanaşırlar. Bu illər ərzində hər ailədə olduğu kimi, enişli-yoxuşlu günləri, birinin sözünün o birinin xoşuna gəlmədiyi anları olsa da, bunun ailə dəyərlərinə mane olmasına heç vaxt imkan verməyiblər. Ən çətin anlarında belə, bir-birilərinə dayaq, təsəlli olublar.

Düz 28 il bundan öncə ata-baba yurdlarından didərgin düşmələri, qaçqınlıq həyatı, kasıbçılıq, məhrumiyyətlər onları daha da mehribanlaşdırıb. Əl-ələ veriblər, sıfırdan başlayaraq yeni həyat qurublar. Söhbət Ermənistandan qaçqın düşərək Mingəçevirdə məskunlaşmış Əhmədovlar ailəsindən gedir.

Açığı, onlar haqda eşidəndə özlüyümdə belə zənn etdim ki, 91 yaşlı Əli babanı yataqda xəstə, 89 yaşlı Gülüş nənəni isə gözündən-qulağından şikayətçi kimi görəcəyəm. Lakin mən onlarla görüşəndə, Əli baba ömür-gün yoldaşı ilə bağda işləyir, becərdikləri tərəvəzlərə qulluq edirdi.

© Sputnik / Ilham MustafayevƏli baba və Gülüş nənə
Əli baba və Gülüş nənə  - Sputnik Azərbaycan
Əli baba və Gülüş nənə

Əli baba Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbət zamanı, həm özünün, həm də Gülüş nənənin sağlam olması, ayaqda durmasına görə, məhz həyat yoldaşına borclu olduğunu bildirir. 40 ildən artıq tarix müəllimi işləyən ixtiyar, dədə-baba yurdlarından didərgin düşdükdən sonra başlarına gələnləri danışır.

"Canımızı zorla qurtarıb gələ bildik, qaçaqaç düşəndə heç bir iynə də götürə bilmədik. Ər-arvad əl-ələ verib işlədik, halal zəhmətlə yenidən həyat qurduq. Orada mən onu dolandırırdım, burada isə mən arvadın əlinə baxıram" – deyə zarafatından da qalmır Əli baba.

Təqaüdlə dolanmağın mümkünsüz olduğunu deyən ahıl cütlük, həyətyanı sahədə göyərti, tərəvəz əkib-becərərək satır. Bunun həm sağlamlığa, həm dolanışığa xeyri olduğunu deyirlər.

Əli baba və Gülüş nənənin 8 övladı, 16 nəvəsi, 23 nəticəsi var. Gülüş nənə onların Bakıda yaşadıqlarını, ayda bir dəfə gəlib onlara baş çəkdiklərini deyir. Orada qala bilmədiklərini bildirən cütlük, Mingəçevirdə yaşamağı daha üstün tutur.

İvon Botto - Sputnik Azərbaycan
CƏMİYYƏT
Repressiya aparatını "əridən" sevgi

Uzunömürlü olmalarının sirlərindən danışan Əli baba, bunun üçün ailənin təməlinin möhkəm olmasının şərt olduğunu deyir: "Kişi ailənin sütunudursa, qadın da ailənin döyünən ürəyi olmalıdır. Biz bu gün də əl-ələ verib birlikdə bir nöqtəyə vururuq. Həmişə ailə qayğılarını da birlikdə həll etmişik".

Günbəgün artan boşanmalar haqda danışan Gülüş nənə, yeni ailə quranlara bir neçə tövsiyə də verir: "Ailədə söz-söhbət qaçılmazdır. Amma hər xırda söz-söhbətə görə ailəni dağıtmazlar. Bunlara hazır olmaq lazımdır. Mən də eşidirəm ki, qonum-qonşuda bu gün gəlin köçən qız, 5-6 aydan sonra gəlib atasının evində oturur. Çox pis oluram belə xəbərlərə".

"Ailə tərbiyə ocağıdır. Bir dövlətin qanunları ona görə yazılır ki, həmin qanunlara əməl etsinlər. Ailələr də cəmiyyətin təməli və bünövrəsi olduğu üçün, ailələrin hər birinin özünün qanunları var. Dövlət qanunları pozulduğu zaman qarışıqlıq yarandığı kimi, ailədə olan qanunlar da pozulanda hərc-mərclik baş verir. Qoy heç kim ailənin də bir dövlət olduğunu unutmasın" — 89 yaşlı həmsöhbətimiz deyir.

Xəbər lenti
0