CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qızımın adını Rəqsanə qoyanda, hamı məni qınadı ki..."

© Sputnik / Shahperi AbbasovaXumar Süleymanova
Xumar Süleymanova - Sputnik Azərbaycan
Abunə olmaq
"Nə qədər canımda can var, çalışacam ki, nəvəm də savadlı, tərbiyəli və mədəni rəqqasə olsun"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Xumar Süleymanovanın 6 yaşı var. Qax rayonunun Qaratala kəndində yoxsul bir ailədə dünyaya göz açıb. Balaca rəqqasə kənd toylarında şərq rəqslərini, xüsusilə də hind rəqslərini məharətlə ifa edir.

Xumarın valideynləri anadangəlmə əlildirlər. Ona görə də, Xumargilin ailəsini babası Yaşar Süleymanov idarə edir. Yaşar baba deyir ki, oğlunun 3 qızı var. Səhhətləri ilə əlaqədar olaraq oğlu da, gəlini də uşaqlara baxa bilmirlər.

"Onların bütün problemləri mənim üzərimdədir. Ümidim təkcə Xumaradır. İstəyirəm, o, məşhur rəqqasə olsun. Məşhur olmasa da, heç olmasa, öz zəhməti ilə işləyib, o biri bacılarına baxa biləcək səviyyədə qazanclı sənəti olsun" — baba danışır.

"Bizdə bəzən incəsənətlə, xüsusilə də rəqslə məşğul olan adamlara qeyri-ciddi yanaşırlar. Rəqqasə qızlara isə yaxşı baxmırlar. Amma hər şey insanın özündən asılıdır. Düşüncəsi olana, gözəl rəqs etməyi bacarmaq — istedad, qabiliyyət deməkdir. Rəqs incəsənətdir və onunla məşğul olanlar hörmətə layiqdir. Bizim dövrümüzdə də rəqqasələr olub. Hamı onlara hörmət edirdi. İndi də sənətlə məşğul olanlara hörmətlə yanaşmaq lazımdır" — Y. Süleymanov əlavə edir.

Yaşlı kənd sakini olan, ömrünü torpaqda işləməklə, əməklə keçirən Yaşar babanın, rəqqasələrə mühafizəkar yanaşılan bir cəmiyyətdə nə üçün qız nəvəsinin rəqqasə olmasını istədiyini soruşuruq. Deyir ki, heç vaxt gözəl rəqs edən adamlara pis baxmayıb.

© Sputnik / Shahperi AbbasovaXumar babası Yaşar Süleymanovla
Xumar babası Yaşar Süleymanovla - Sputnik Azərbaycan
Xumar babası Yaşar Süleymanovla

Cavanlıqda kənd klubunda hind filmlərinin nümayiş etdirildiyini deyən müsahibimiz, hind rəqslərinə heyranlıqla baxdığını xatırlayır: "Həmişə yoldaşıma da, bacılarıma da, qızıma da deyirdim ki, görün necə gözəl rəqs edirlər, amma siz bacarmırsız. Qızıma Rəqsanə adını qoyanda, kənddə hamı məni qınayırdı ki, "O nə addır qoymusan? Yox bir, Rəqqasə qoyardın". Amma mən özüm kəndli olsam da, keçmişin qalığı deyiləm. İncəsənətin hər növünü sevirəm".

Xumarın babası indi sənət adamlarına niyə hörmət qoyulmadığını da belə şərh edir: "İndiki müğənnilərin, aktyorların, rəqqasların nə savadları var, nə də mədəniyyətləri. Sovet dövründə rayonumuza Zeynəb Xanlarova gəlmişdi. Həmin günü heç unutmuram. Rayonda sanki bir bayram əhval-ruhiyyəsi var idi. Rəhmətlik Sara Qədimova, Tükəzban İsmayılova kəndimizə gələndə böyükdən kiçiyə hər kəs onları böyük bir ehtiramla qarşıladı. Çünki onların həm sənətləri, həm də mədəniyyətləri var idi. Roza Cəlilova, Əminə Dilbazi, Afaq Məlikova kimi rəqslərimizi təbliğ edən sənətkarlarımız var idi. Hamı onlara hörmət edirdi. Mən də arzu edirəm nəvəm onlardan biri olsun!"

Yaşar baba deyir ki, son dövrlərdə televizora baxanda əsəbiləşir. Sənət adamlarının efirə çıxanda geyimlərinə, danışıqlarına fikir vermədiklərini, ancaq qeybətlə, qalmaqalla məşğul olduqlarını, bu səbəbdən "camaatın uşaqlarına" pis nümunə olduqlarını deyir: "Ona görə də nə qədər canımda can var, çalışacam ki, nəvəm də savadlı, tərbiyəli və mədəni rəqqasə olsun".

Həmsöhbətimiz arzularını yerinə yetirə bilməyəcəyindən duyduğu qorxuları da dilə gətirir: "Maddi vəziyyətimiz çox ağırdır. Uşaqlara yeməyi, paltarı güclə tapırıq. Sağ olsun kənd camaatı ki, oğlumla gəlinimin vəziyyətlərini nəzərə alıb bizə gücləri çatandan kömək edirlər. Kimi köhnə də olsa uşaqlara paltar, ayaqqabı verir, kimi ərzaq gətirir. Adam bu vəziyyəti dilinə gətirməyə də utanır. Amma məni qınamayın. Allah heç kəsə xəstə övlad qismət eləməsin".

Fidan Yusifzadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda 12 yaşlı qeyri-adi istedad sahibi

"Xumarın atasının fiziki qüsurları var, gözü zəif görür. Bu qüsurlarına görə, vaxtilə heç məktəbə də götürmədilər. Dedilər, "belə uşaqlar üçün xüsusi məktəblər var, ora qoyun". Biz də kənd adamıyıq, elə məktəblər ancaq böyük şəhərlərdə vardı, bizim də Şamili ora aparmaq imkanımız olmadı. Əlimizə düşəni onun müalicəsinə xərclədik. Böyüyəndən sonra da fikirləşdik ki, bir gün biz olmayanda, Şamilə baxmağa adam lazımdır. Nə bacı, nə də qardaş belə xəstəyə baxa bilər. Ancaq evlənsə, uşaqları olsa, ona gələcəkdə baxarlar. Özünə bab qız tapdıq, evləndirdik. İndi gül kimi balaları var. Çalışıram ki, özüm ölənə qədər heç olmasa, o uşaqlara bir gün ağlayım. İmkansızlığa görə bu il Xumarı rəqs məktəbinə qoya bilmədik. Rayon incəsənət məktəbində söz veriblər ki, gələn il Xumarı məktəbə pulsuz götürəcəklər" — Y. Süleymanov qeyd edir.

Xumar bu rəqsləri uşaq bağçasında öyrənib. Bağça müəllimi Nübar Camalova deyir ki, Xumarın bu sənətə çox böyük həvəsi var: "Eyni rəqsi başqa uşaqlara da öyrədirdim. Amma heç biri qavraya bilmirdi. Xumara isə bir-iki dəfə məşq etmək kifayət edirdi. İndi məktəbə gedir. Onunla məşğul ola bilmirəm. Mənim də maddi durumum yaxşı deyil ki, onu hansısa rəqs məktəbinə qoyaq, bu sənəti davam etdirsin. Rəqsdə istifadə etdiyi aksessuarları ona özüm almışam. Xumar özbək rəqsini də bacarır. Təəssüf ki, geyimi yoxdur".

Xumar özü isə bu qayğılardan tamamilə azaddır. O, sadəcə bacardığı kimi və sevə-sevə rəqs edir. Nə ailədəki kasıblıq, nə də məktəblə bağlı qayğılar hələ onun körpə paklığına toxunmayıb. Kim bilir, bəlkə bir gün bu qız, öz istedadı və məharəti ilə bütün səhnələri fəth edəcək və Azərbaycanın fəxri olacaq. Ailəsi Xumar üçün yaxşı adamlardan dəstək gözləyir. Bir ailənin sevincinə sevinc qatmaqdan, bir körpənin gələcəyinə işıq salmaqdan daha gözəl nə ola bilər ki?

Xəbər lenti
0