İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 2 avqust — Sputnik. 12 yaşlı Fidan Yusifzadə fərqli istedada malikdir. Belə ki, o, bütün sözləri, eləcə də cümlələri eşitdikdən, yaxud oxuduqdan sonra, fikirləşmədən hamısını tərsinə tələffüz edə bilir.
Qeyri-adi istedada malik olan Fidan Mingəçevir şəhərinin Az.DRES qəsəbəsindəki 19 saylı məktəbin 7-ci sinifində oxuyur. Anası əvvəllər Fidanın sözləri, cümlələri tərsinə oxunmasına ciddi yanşmayıb. Bu vərdişin ötəri olacağını, ona sərf etdiyi vaxtı daha səmərəli işə sərf etməli olduğunu fikirləşib. Lakin sonradan bunun bir istedad olduğunu görəndən sonra ona mane olmamağı qərara alıb.
Bu haqda Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Fidanın anası Südabə Yusifovanın sözlərinə görə, qızının bu bacarığı 9-10 yaşlarında üzə çıxıb: "Türkiyə telekanallarından birində verilən serialda tərsinə danışan bir personaj görüb. Onu görəndən sonra öz-özünə məşq eib. Bir gün məni çağırdı ki, "ana, bax, mən burada deyilən sözləri tərsinə deyə bilirəm". Mən ona irad tutdum ki, dərslərinə daha çox diqqət yetir. Daha sonra kitablardan oxuduğu cümlələri və ya ağızdan eşitdiyi sözləri çevirməyə başladı. Görəndə ki, bu, artıq xüsusi bir bacarıqdır, mane olmadım".
"Qızımın müəllimləri həmişə onun çətin tapşırıqların öhdəsindən asanlıqla gəldiyini, asan tapşırıqlara isə diqət yetirmədiyini deyirlər" – S. Yusifova vurğulayır.
Fidan özü isə bu işin onunçün çox asan olduğunu deyir: "Sözü eşidən kimi beynimdə artıq onu çevirirəm. Oxuyanda daha rahat olur, eyni zamanda yadımda da qalır. Mənimçün heç bir çətinliyi yoxdur".
Bu cür danışmağı o, rəqfiqəsinə də öyrətmək istəyib, lakin əziyyəti nəticə verməyib. Fidan ətrafında onu başa düşən adamların olmasını çox istəyir.
F. Yusifzadənən istedadı bununla da yekunlaşmır. O, eşitdiyi yanıltmacları da asanlıqla tərsinə deyir. Hətta ingilis və rus dillərində olan söz birləşmələrini də özünəməxsus formada tələffüz edir.