BAKI, 30 oktyabr — Sputnik. "Bakı-Tbilisi-Qars dəmir yolu tarixi və strateji əhəmiyyətli layihədir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur".
Sputnik Azərbaycan xəbər verir ki, bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev belə deyib. "İlk mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon ton yükün daşınması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yol sabitliyə, təhlükəsizliyə xidmət edəcək, qarşılıqlı sərmayə artacaq, turizm inkişaf edəcək" — prezident bildirib.
"Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq. Bundan əvvəl — 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını etmişik. Bu kəmər Xəzər dənizini Aralıq dənizini birləşdirən infrastruktur layihəsidir. Bu neftlə Xəzərin şərq hissəsindən də neft ixrac edilir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də 3 ölkənin əməkdaşlığı nəticəsində inşa olunub və 10 ildir, uğurla fəaliyyət göstərir. Bu üç ölkə elektrik xətlərini də birləşdirib" — İlham Əliyev vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycan, Türkiyə və Gürcüstanın dostluğunun, qardaşlığının nəticəsidir: "Bu ölkələr bölgə və dünya üçün əhəmiyyətli layihələr ərsəyə gətirir. Hazırda Cənub Qaz Dəhlizi uğurla icra olunur. TAP layihəsinin icrası 60 faizə yaxındır. Əvvəllər neft-qaz sahəsində layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu barədə ancaq danışa bilərdik".
"Bəziləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatacağına inanmırdılar. Azərbaycan, Türkiyə və Gürcüstan bu layihəni uğurla reallaşdırdı. Layihəyə Orta Asiya ölkələri böyük maraq göstərir. Bu yolun Avropa üçün böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə danışıqlar aparıb, Avropa ölkələri bu dəmir yolu xəttinə böyük maraq göstərir" — prezident vurğulayıb.
Ölkə rəhbəri diqqətə çatdırırb ki, Şimal-Cənub nəqliyyat dəhlizi də böyük önəm daşıyır: "Azərbaycan bu istiqamətdə dəmir yolu şəbəkəsini yaradıb, digər ölkələrdə də bu istiqamətdə dəmir yolunun çəkilməsinə sərmayə qoyur. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb enerji-nəqliyyat dəhlizləri istifadəyə veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolundan Çin, Qazaxıstan, digər Orta Asiya ölkələri, Avropa ölkələri istifadə edəcək. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistandan başlayaraq Rusiyaya qədər ölkələri birləşdirəcək".
Prezident əlavə edib ki, 2004-cü ildən indiyə qədər Azərbaycanda 11 min km yol tikilib, 6 aeroport istifadəyə verilib: "Azərbaycanın 20-yə qədər iri yük təyyarəsi var. Azərbaycanın Xəzərdə 270 gəmidən ibarət böyük donanması var. Azərbaycanda bir neçə il əvvəl böyük gəmiqayırma zavodu tikilib. Gələcəkdə Xəzərdə yük həcminin artması ilə zavod daha böyük sürətlə çalışacaq. Ələt dəniz limanının birinci fazası gələn il istifadəyə veriləcək. 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci fazanın istifadəyə verilməsi ilə yük ötürmə 25 milyon tona çatacaq".
"Bakı-Tbilisi-Qars dəmir yolu qlobal layihədir: "Bu yoldan biz böyük vəsait əldə edəcəyik. Bir daha deyirəm ki, bu layihənin həyata keçirilməsi Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyi ilə başa gəlib. Biz heç yerdən kredit, yardım almadıq. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yolu həmişə açıq olacaq" — İlham Əliyev vurğulayıb.