BAKI, 29 oktyabr — Sputnik. Instagram-ın İran seqmentində Səccad Qəribinin (Sajad Gharibi) adı çoxlarına məlumdur. Onun paylaşımlarını hər gün 344 min adam izləyir. Bu 25 yaşlı oğlanı polad əzələlərinə görə, Rüstəm (İran xalq eposunun (həm də Firdovsinin "Şahnamə" epopeyasının) əfsanəvi qəhrəmanının şərəfinə-red.), yaxud da iranlı Herkules də adlandırırlar. Boyu 184 santimetr olan idmançının çəkisi 165 kiloqramdır.
Qərb KİV-ləri superqəhrəmanların yer aldığı Marvel komiksinin (Marvel Comics.) populyarlıq dalğasını nəzərə alaraq onu "İran Halkı" (Hulk) adlandırır. Bilmirik bu ad iranlı pəhlivanın ruhuna nə dərəcədə uyğundur (Halk əsəbləşəndə güc toplayır), amma Səccad özü onu bu cür çağıranlara hörmətlə yanaşır. Hətta kimsə İŞİD xadimlərindən birinə bənzədiyindən onun haqqında "İŞİD cəlladı" ifadəsini işlətmişdi.
Sputnik-ə verdiyi müsahibədə Səccad Qəribi özü idman karyerasından, real və virtual dünyadakı populyarlığından danışıb. İdmançı Sputnik Iran-a müsahibəsinin skrin variantını öz İnstagram akkauntuna yükləyərək oxucuları onunla tanış olmağa çağırıb. O, yazıb: "Rusiyanın Sputnik agentliyinə yeni müsahibəm. Oxuyun, orada mənim pərəstişkarlarımın bir çox suallarına cavab var".
"İŞİD cəlladı. Mənim internetdə populyarlığım bir yanlış anlaşılma ilə başlayıb"
"Mən Buşəhr universitetində biznes iqtisadiyyatı üzrə mütəxəssis diplomunu almışam. Hazırda daşınmaz əmlakın satışı agentliyində işləyirəm. Amma əsas məşğuliyyətim idmandır. Artıq 10 ildir ki, pauerliftinqlə məşğulam. Mənim internetdə populyarlığım bir yanlış anlaşılma ilə başlayıb: məni internetdə İŞİD cəlladı kimi işarələmişdilər. Adamlar mənimlə danışır və məni İŞİD cəlladı kimi tanıyırdılar. Bu söz-söhbət KİV-ə də gedib çatdı. Amma bir London qəzeti məni nəzərdə tutaraq "Halk yerdə yaşayır" yazmışdı. Bu məqalə mənim insanlar arasındakı təqdimatımı dəyişdi. O vaxtdan başlayaraq KİV mənim haqqımda yaxşı materiallar yazmağa başladı və bu, bütün dünyada müsbət qarşılandı.
Polad əzələlərə aparan yol — məşqlər və genetika
"Mənim də başqa insanlar kimi adi həyatım var. Hər gün 2-3 saat məşq edirəm və 8 saat yatıram. Əgər mənim hər hansı işim varsa, onda idmana bir saat yarım vaxt ayırıram, qalan vaxtlarda isə işləyirəm. Qidalara gəlincə, adi adamlardan fərqli qidalanıram. Adətən mən gündə 4-5 dəfə yemək yeyirəm. Amma çəki yığdığım vaxt qida qəbulum gündə 7-8 dəfəyə çıxır. Mən hər bir İran ailəsində yeyilən yeməklərdən yeyirəm. Məni başqalarından fərqləndirən genetikamdır. Mənim babam da iri gövdəli kişi olub və zorxanaya gedib (İranda "Qüvvət evi" adlandırılan, fiziki tapşırıqların yerinə yetirilməsi və döyüşlərin keçirilməsi üçün nəzərdə tutulan ənənəvi idman arenası).
Dünya şayiələrlə doludur
"Mənim haqqımda ən xoşagəlməz dedi-qodu "İŞİD cəlladı" ilə bağlı tarixçədir. O, məni çox narahat edirdi. Başqa bir maraqlı şayiə də vardı. Danışırdılar ki, mən qaydasız döyüş rinqlərində çıxış etmək üçün Amerikaya getməyə hazırlaşıram. Bu söhbətlər "Dəmir Şeyx" adlandırılan Hüseyn Xosrou Əli Vəziri (keçmiş İran-Amerika güləşçisi-red.) məni Amerikaya dəvət edəndə meydana çıxdı. Mən ora gedə bilmədim, çünki hərbi mükəlləfiyyətli idim. Amma bu söhbətlər mənim populyarlaşmağıma çox kömək etdi.
Beynəlxalq idman arenasına çıxış peşəkarlığımı artırardı
"Mən bir çox ölkədən təkliflər almışam. Amma hərbi mükəlləfiyyətliyəm. Orduya çağırış məsələm həll olunandan sonra İdman Nazirliyinin razılığı ilə xarici klublarda çıxış etməyə hazıram. Təəssüf ki, İranda bu idman növünə maraq yetəri qədər deyil. Mən peşəkarlığı artırmaq üçün xaricə getmək istəyirəm".
"Suriyaya gedib döyüşməyə hazıram"
"Mənə "İŞİD cəlladı" adı veriləndə müxtəlif ölkələrdən, eləcə də Rusiyadan olan insanlar məni terrorçularla əlaqələndirirdilər. Daha çox əvvəl öz vətənimi müdafiə etmək istəyirəm, sonra isə digər ölkələri. Mən heç bir təşkilatda qeydiyyatdan keçməmişəm və idmanla məşğul olmağı davam etdirmək istəyirəm. Əgər İran İslam Respublikası köməyimə ehtiyac duysa, əgər bunu istəsə, mən yerinə yetirməyə (Suriyaya getməyə) hazıram".
"İnsanlar küçədə məni görəndə qorxmurlar, sadəcə şəkil çəkdirmək istəyirlər"
"İnsanlar küçədə məni görəndə adımı xatırlamırlar, amma məni çox sevirlər və "İran nəhəngi", "İran Herkulesi", "İgid" adlandırırlar. "İran Halkı" söz birləşməsi isə artıq dünya brendinə çevrilib. Mən gülərüz adamam və hamı ilə nəzakətli davranıram. İnsanların məndən qorxmasına heç bir səbəb yoxdur. Onların əksəriyyəti mənimlə şəkil çəkdirmək istəyir".