BAKI, 28 oktyabr — Sputnik. 2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar oktyabrın 28-29-da BMX Veloparkında Dünya Test Yarışı keçiriləcək. Federasiyanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planında yer alan yarış kifayət qədər yüksək hesab edilən C1 kateqoriyasına aiddir.
Test yarışında Rusiya Federasiyası, Fransa, Türkiyə, Yaponiya, Litva, Çex Respublikası, İtaliya və Almaniyanın kişi və qadın komandaları iştirak edəcək.
Qeyd edək ki, velosiped idmanının digər növləri ilə müqayisədə daha gənc olan BMX 2008-ci ildən etibarən Yay Olimpiya Oyunlarının proqramına daxil edilib və ən geniş tamaçaşı kütləsi toplayan idman növlərindən biridir.
Xatırladaq ki, test yarışının proqramına əsasən, oktyabrın 28-i saat 10:00-dan 12:00-dək iştirakçılar praktiki yürüşlərdə mübarizə aparacaqlar. Oktyabrın 29-u saat 19:00-da isə final mərhələsi start götürəcək və Dünya Test Yarışının qalibləri müəyyənləşəcək.