Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 27 oktyabr — Sputnik. Bir neçə gündür, "Twitter" sosial şəbəkəsi, "Russia Today" (RT) telekanalının və Sputnik İnformasiya Agentliyinin akkauntlarına, istənilən reklamı dərc etməyi qadağan edib. Bu barədə şirkət öz bloqunda bəyan edib.
"Twitter" bu qərarı, ABŞ kəşfiyyat qurumlarının bu KİV-lərin ABŞ-da prezident seçkilərinə təsir etməsi barədə araşdırmasının nəticəsindən sonra qəbul edib. Şirkət qərarla bağlı belə açıqlama verib: "Bu qərarı vermək asan olmadı. Lakin bu addımı ona görə atdıq ki, bundan sonra da xidmətlərin təqdim olunmasında ədalət prinsipimizə sadiq qalaq".
Bəs sosial şəbəkələrdə, dilindən, dinindən, vəzifəsindən asılı olmayaraq hər kəsin söz azadlığı olduğu halda, bu strukturlara qoyulan qadağa nə dərəcədə ədalətlidir?
Millət vəkili Rövşən Rzayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qoyulan qadağa ədalətli deyil: "Media bütün dünyada azad olmalıdır və sərbəst şəkildə fikirlərini yayımlamalıdır. Bu, müasir medianın qanunudur. Əgər media hansısa yazı ilə böyük siyasətə təsir edə bilirsə, təbii ki, bu haqda düşünmək lazımdır".
"Amma bu, "Twitter"də qadağa üçün əsas olmamalıdır. Düşünürəm ki, bu başqa məna daşıyan məsələdir. Sadəcə, hansısa hissə açıqlanır, hansısa hissəsi gizli saxlanılır. Bir sözlə, bu məsələnin görünməyən tərəfləri var".
SMM mütəxəssisi Fərid Babayev qeyd edib ki, "Twitter", "Facebook"-dan sonra dünyada ən populyar sosial şəbəkələrdən biridir: "KİV-lər öz xəbərlərini daha çox auditoriyaya çatdırmaq üçün "Facebook"-la yanaşı, həm də "Twitter"-dən istifadə edirlər. Əlbəttə ki, bu, qadağa ədalətli deyil".
"Hesab edirəm ki, qoyulan qadağa reklamla bağlı olduğundan, standart paylaşımlarda problem yaratmayacaq. Çünki qadağa ancaq reklamlarla bağlıdır, paylaşımlara qadağa yoxdur. Əlbəttə, əsas trafiki (IP) "Twitter"-dən gələn saytlar üçün ciddi problemlər yaranacaq" — mütəxəssis bildirib.
Hüquqşünas İlham Rəşidoğlu isə qeyd edib ki, KİV-də dərc olunan hər bir material həqiqətə uyğun olmalıdır: "Yalan informasiya aşkarlanarsa, sosial şəbəkə həmin media qurumundan tələb edə bilər ki, bu məlumatı təkzib etsin. Təkzib olmadıqda, məhkəməyə verib, daha sonra qadağa qoya bilər. Birbaşa olaraq informasiya agentliyinin reklamına qadağa qoyması isə ifadə azadlığına zidd olan bir şeydir".