Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 27 oktyabr — Sputnik. Son zamanlar yol qəzalarının sayı durmadan artır. Buna, yollarda avtomobillərin sayının xeyli artması, yüksək sürət həddi, diqqətsiz sürücülər və digər birbaşa amillər səbəb olur.
Naşı, diqqətsiz sürücülər özləri ilə bərabər, yolda hərəkət edən digər avtomobillərin sürücüləri və sərnişinlərinə də təhlükə yaradırlar. Bunu "BakuBus" avtobusunun kamerası tərəfindən çəkilən hadisə də sübut edir. Belə ki, avtomobil qəflətən avtobusun yoluna çıxaraq, sürücünü əyləci basıb maşını dərhal saxlamağa məcbur edib. Bu da salonda olan sərnişinlərin yıxılmasına və zədə almasına səbəb olub.
Əsas mərəkə də bundan sonra başlayıb. Avtomobilin idarə edilməsindən xəbəri olmayan, eləcə də hadisənin başvermə səbəbini görməyən sərnişinlər günahı sürücüdə görüb və onu təhqir ediblər. Sputnik Azərbaycan belə hallar baş verərkən günahın kimdə olmasını və hansı hallarda zərərçəkənlərə maddi yardım olunmasını araşdırıb.
"BakuBus"-ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatın təhlükəsiz hərəkəti həm də digər yol hərəkəti iştirakçılarından asılıdır: "Xüsusilə, taksi sürücülərinin yol verdikləri qayda pozuntuları bəzən qəzalara səbəb olur. Taksi sürücülərinin avtobus dayanacağını zəbt etməsi və giriş-çıxışa maneə yaratması isə, intervallarda ləngimələrin yaranmasına gətirib çıxarır".
"Eyni zamanda, burada sərnişinlərin üzərinə müəyyən məsuliyyət də düşür. Bu cür hallar zamanı bəzi sərnişinlər real vəziyyəti düzgün qiymətləndirmədən sürücünü təhqir edir və bütün günahı həmin sürücüdə görürlər. Hətta belə hadisələr zamanı yüngül zədə alan, əzilən sərnişin sürücüdən qeyri-rəsmi şəkildə ödəniş tələb edir. Yaxud müəyyən müddətdən sonra "BakuBus"ın qaynar xəttinə zəng edib iddia irəli sürür. Nəzərə almaq lazımdır ki, baş verən hadisələr əvvəlcə öz hüquqi qiymətini tapmalıdır" — Piriyev vurğulayıb.
Qurum rəsmisi onu da qeyd edib ki, bütün bunları nəzərə alaraq, sərnişinlər avtobusda quraşdırılmış əl tutacaqlarından mütləq istifadə etməli, təhlükəsizlik qaydalarına diqqət yetirməlidir: "Təcrübə göstərir ki, baş verə biləcək hər hansı qəza zamanı ciddi zədə alan sərnişinlər, əsasən tutacaqlardan tutmayan və təhlükəsizlik qaydalarına əməl etməyən sərnişinlər olur".
"Günahın hansı sürücüdə olmasından asılı olmayaraq, hadisə zamanı zədə almış sərnişinlər aldıqları xəsarəti təsdiq edən sənədlərlə hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Hadisəyə hüquqi qiymət verildikdən sonra, şəxs sığorta şirkətinə yönləndirilir. Amma son bir ayda baş verən hadisələrlə bağlı hüquq-mühafizə orqanlarından bizə məlumat daxil olmayıb. Çox güman ki, iddialar öz təsdiqini tapmayıb" – deyə Mansur Piriyev əlavə edib.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BŞBDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə bildirib ki, hadisə baş verəndən sonra avtobusda olan sərnişinlər, şahidlər dindirilir, hadisə yerinə baxış keçirilir: "Eyni zamanda, həmin ərazidə qoyulmuş kameralar vasitəsi ilə hadisənin baş vermə səbəbləri araşdırılır, təbii ki, buna uyğun da qərar qəbul edilir. Təbii, günah başqa avtomobildədirsə, ona qarşı lazımi tədbirlər həyata keçirilir".
"Amma qanunda yazılıb ki, sürücü nəqliyyat vasitəsini elə idarə etməlidir ki, hər hansı maneə yaranarsa, yayına bilsin. Bütün hallarda sürücülər elə sürət seçməlidirlər ki, anidən əyləc sistemindən istifadə edərkən heç kimə xəsarət dəyməsin" — Əsədov bildirib.
DYP rəsmisinin dediyinə görə, "BakuBus" avtobuslarında baş verən hər bir hadisə yol polisi tərəfindən araşdırılır: "Çünki avtobuslarda kameralar var. Onlar həm özləri araşdırıb tədbir görür, həm də bu kameralar nizam-intizamın yüksəldilməsinə, ictimai nəqliyyat vasitələri sürücüləri arasında yol nəqliyyat hadisələrinin azalmasına səbəb olur. Bu görüntülər üzrə də əməkdaşlarımız araşdırma aparır, protokollar tərtib edirlər. Yəni, cüzi maddi zərərlə bitən yol hadisəsi olsa belə, bu, yol polisi tərəfindən araşdırılır və ona hüquqi qiymət verilməsi üçün inzibati qaydada protokol tərtib edilir".