Aşpaz Zahirə Ümidqızı deyir ki, quymağı adətən səhər yeməyi üçün, doğuşdan sonra zahı qadınlar üçün hazırlayırlar. Eyni zamanda milli adətə görə, toydan sonrakı ilk gündə təzə gəlinə quymaq bişirib verirlər.
Tərkibi:
Buğda unu — 100 q
Ərinmiş yağ — 100 q
Su — 1 l
Zövqə görə, şəkər və darçın
İri tavaya ərinmiş yağ töküb qızdırın. Un əlavə edin, açıq-qəhvəyi rəng alanadək, təxminən 15 dəqiqə qovurun. Bu müddətdə suyu qaynadın. Dayanmadan qarışdıraraq qaynar suyu üç dəfəyə qovrulmuş unun üzərinə tökün. Diqqətli olun: tavadakı qaynayıb, sıçrayır. Unla su eynicinsli kütlə əmələ gətirənədək qarışdırın. Sonra üzərinə azca da su əlavə edib vam odda bişməyə qoyun. Onun üzərində iri qabarcıqlar əmələ gəlib "partlamağa" başlayacaq. Dibi qazmaq tutanda ocaqdan götürün. Üzərinə şəkər tozu və darçın səpib süfrəyə verə bilərsiniz.
Quymağı həmçinin qovrulmuş unu su ilə qarışdırandan sonra tavanın ağzına qapaq qoyub bir saat ərzində vam odda dəmləyə də bilərsiniz.
Nuş olsun!