Fuad Həsənov, Sputnik Azərbaycan
BAKI, 26 oktyabr — Sputnik. Türkiyənin hakim Ədalət və İnkişaf partiyasından (AKP) olan millət vəkili Hurşit Yıldırım, parlamentə avtoxuliqanlığın kökünü kəsə biləcək yeni qanun təklifi ilə müraciət edib. Sputnik Azərbaycan bu barədə deputatın rəsmi saytına istinadən məlumat verir.
Hurşit Yıldırım, gecə saatlarında şəhərdəki boşluqdan istifadə edərək, ralli yarışları keçirən və əsasən imkanlı təbəqədən olan avtoxuliqanların mülkiyyətinə əl qoyulmasını təklif edib: "Bu avaraların ucbatından, günaşırı ölüm xəbərləri alırıq. Xüsusilə, insanların sıx olduğu "Bağdat" prospektini nəzərinizə çatdırıram. Demək olar ki, hər gün günahsız vətəndaşlarımız, gözü dönmüş avtoxuliqanların iyrənc əməllərinə qurban gedirlər".
"Buna kimsə "dur" deməlidir. Artıq vaxtdır. Parlamentə qanun təklifi vermişəm. Hesab edirəm ki, bu cür adamların avtomobilləri yerindəcə müsadirə edilməli, daha sonra satılmalıdır. Və əldə olunan gəlir, yol qəzalarının azaldılması üçün işlər görən aidiyyəti dövlət qurumlarına bağışlanmalıdır. Ancaq bu üsulla avtoxuliqanlığa qalib gələ bilərik" – millət vəkili qeyd edib.
Azərbaycanda da gecə saatlarında sürət yarışları keçirən kifayət qədər avtoxuliqan olduğu hər kəsə məlumdur. Hətta bunun nəticəsində dəfələrlə günahsız insan ölümlərinin şahidi olmuşuq. Qəzanı törədənlər isə çox vaxt məmurların övladları və ya qohumları olub.
Türkiyədə parlamentə təklif olunan qanun layihəsinin eynisi Azərbaycan Milli Məclisində də müzakirə oluna bilərmi? Sputnik Azərbaycan-ın bu sualını cavablandıran millət vəkili Araz Əlizadə, təklifi müsbət qiymətləndirir.
"Düzgün qanundur. Bilirsiniz niyə? Çünki, ancaq qudurğan adamlar belə şeylərlə məşğul olurlar. Çünki bu cür şəxslər o bahalı maşınları özləri qazanıb almayıblar. Nə zəhmət çəkiblər, nə də ki əziyyət. Vətəndaşların rahatlığını pozurlar" — deputat bildirib.
Əlizadə bu baxından hesab edir ki, belələrinin avtomobilləri müsadirə edilib satılsa, yaxşı olar: "Ancaq mən satışdan əldə edilən pulun Yol Polisi orqanına yox, ünvanlı kasıb ailələrə bağışlanmasının tərəfdarıyam. Əgər bizim Milli Məclisdə oxşar qanun təklifi verilsə, şəxsən mən "hə" deyəcəm".
Millət vəkili Fazil Mustafa da təklifi doğru hesab edir. "Mən bu qanunu müsbət qiymətləndirirəm. Əgər yaxşı təcrübə olsa, bizim parlamentdə də qəbul edilə biləcəyini düşünürəm. Xuliqanlıq edənlərin çoxu iri məmur övladları və ya qohumları olsa da, Azərbaycan Milli Məclisində belə qanunun keçmə ehtimalı olduqca yüksəkdir".
Media eksperti, professor Qulu Məhərrəmli də Sputnik Azərbaycan-a açıqlamasında təklifə tərəfdar çıxdığını bəyan edir: "Türkiyədə parlamentə göndərilən bu təklifi yüksək qiymətləndirirəm. Çox yaxşı təklifdir. Əgər ictimai asayiş, yəni insanların rahatlığı pozulursa, bunun qarşısı hansısa bir yolla alınmalıdır".
"Mən özüm şəhərin mərkəzində, Azadlıq prospektində yaşayıram. O səsləri eşitmək olur. Bir az gec yatanam. Və o narahatlığı özümdə hiss edirəm. Düşünürəm ki, bu cür sərt yanaşma, avtoxuliqanlığın qarşısını ala bilər" — professor bildirib.
Q. Məhərrəmli hesab edir ki, yüksək sürət həvəskarları doğurdan da öz enerjilərini sərf eləmək istəyirlərsə, onlar üçün ayrıca, şəhərdən kənarda bir yer təşkil eləmək olar: "Getsinlər orada o həzzi alsınlar. Amma şəhərin içində, o vahiməli səslərlə, təhlükəli manevrlərlə insanların rahatlığını pozmaq olmaz".
"Milli Məclisin qərar qəbul etmə mexanizmini yaxşı bilirəm. Qərar necə qəbul olunur və s. mənə aydındır. Əgər bunun üçün siyasi iradə varsa, qərar mütləq parlamentdən keçəcək. Yox, əgər söz xətrinə cəmiyyətə mesaj vermək kimi, yəni "biz bu haqda düşünürük, bununla bağlı tədbir görmək istəyirik" deyilirsə, əlbəttə o zaman təklif məclisdən keçməyəcək. Hesab edirəm ki, əgər Milli Məclisdə bu istiqamətdə qərar qəbul olunsa, bu, çox ağıllı qərar olacaq" – deyə media eksperti bildirib.