CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspertdən qəribə təklif: “Avtoxuliqanlar üçün poliqon yaradaq”

© Sputnik / Murad OrujovAvtomobillər
Avtomobillər - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə baş verən qəzaların 99 faizinin səbəbi yol hərəkəti qaydalarının pozulması ilə bağlıdır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 19 avqust — Sputnik. Nə məsələdirsə, son zamanlar avtoxuliqanlıq edənlərin sayı durmadan artır. Bunu, ölkədə, ilk növbədə paytaxtda baş verən qəzaların, o cümlədən səs-küylü hadisələrin statistikası da sübut edir.

Avtoxuliqanlar yollarda insanların həyatına təhlükə törətməklə yanaşı, həm də sakinlərin istirahətini və rahatlığını pozurlar. Sputnik Azərbaycan-a şikayət edən Vüsal Əsgərov bildirir ki, paytaxtın Yasamal rayonunda yaşayır: "Gecə saatlarında avtoxuliqanların çox olduğu yer bizim prospektdir. Avtomobillərin səsindən yatmaq olmur. Çıxıb danışa da bilmirsən, çox təhlükəli olurlar. Xüsusilə “Niva” və “VAZ-21-07” avtomobilləri ilə prospekt boyu hərəkət edirlər. Bir-biri ilə ötüşürlər. Bu bizi çox narahat edir".

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtoxuliqanlıqla hər kəs mübarizə aparmalı və bu məsələdə hamı DYP-yə dəstək olmalıdır: "İnternet saytlarında konkret videolar var. Yəqin ki, avtomobili necə idarə etdiklərini görmüsünüz. Avtoxuliqanlığın da konkret tərifi var. Yüksək surətlə idarə etmə, təhlükəli manevrlər etmə, ətrafda olanların həyatına təhlükə yaratma, dövlət əmlakına, qurğulara, baş verə biləcək yol qəza hadisəsi zamanı maddi zərər vurma, eyni zamanda diqqəti yayındıra biləcək hərəkətlər etmə, əl-ayaq əyləclərindən istifadə edərək təkərləri asfalt üzərində sürütmək avtoxuliqanlıqdır. Bu əlamətləri edənlər avtoxuliqan hesab edilir".

Əsədov bildirir ki, qanunvericilik avtoxuliqanlara sərtləşdirilmiş cəzalar nəzərdə tutur. Amma bununla kifayətlənmək olmaz. Avtoxuliqanlığın cəmiyyət üçün real təhlükə olduğunu hər kəs anlamalı və birgə mübarizə aparılmalıdır: "Ötən illərlə müqayisə etdikdə, sevindirici haldır ki, avtoxuliqanlıqla bağlı cəzalar sərtləşdirilib. İnzibati həbsin nəzərdə tutulma müddəti, cərimə məbləği artırılıb. Məhkəmələrdə sərt cəza metodlarının tətbiq edilməsi və sürücülük hüququndan məhrum etmənin müddəti də artırıldı. Bunlar artıq avtoxuliqanlıq edənlərin həvəsinin azalmasına səbəb olur. Avtoxuliqanlar bağışlana bilməz. Son zamanlar baş verən yol qəza hadisələrinin nə ilə nəticələndiyinə şahidsiniz".

V. Əsədov bildirir ki, ölkədə baş verən qəzaların 99 faizinin səbəbi yol hərəkəti qaydalarının pozulması ilə bağlıdır: “Bütün hadisələri təhlil edirik. Yol polislərinin fəaliyyəti qeydə alının yol-nəqliyyat hadisələri ilə qiymətləndirilir. Hadisələrin sayı azaldıqca, ölüm faktlarının sayı azaldıqca, xəsarət hallarının sayı azaldıqca yol polislərinin fəaliyyəti qiymətləndirilir. 25 il öncə Bakı şəhərində baş verən yol-nəqliyyat qəzalarında 3 min nəfər adam ölürdü. O vaxt avtomobillərin sayı da, küçə və yolların uzunluğu da az idi. Yol ötürücüləri isə demək olar ki, məhdud sayda idi. İndi yol ötürücüləri, körpülər, tunellərin sayı artıb. Avtomobillərin sayı 1,4 milyona çatıb, 50 minə yaxın qadın sürücü var və küçə və yolların uzunluğu 2012 km-dən 2500 km-ə qədər artırılıb. Fikir verin, hərəkətdə nə qədər dəyişiklik baş verib. Ölüm halı isə azalaraq 1000 nəfərə düşüb".

Əsədov qeyd edir ki, əvvəllər çox adam avtomobildə kəmər bağlamır, kəmər bağlayanlar isə istehza ilə qarşılanırdı: “İndi 55-58 faiz sürücü kəmər bağlayır. 20 il bundan əvvəl qırmızı işıqdan keçmək qəhrəmanlıq idisə, indi qırmızı işıqdan keçmək təhlükəlidir. Bunu hər kəs dərk edir. Əvvəllər mobil telefon yeni çıxanda hər kəs danışa-danışa hərəkət edirdisə, indi insanlar başa düşür ki, bu, təhlükəlidir”.

Nəqliyyat eksperti Azər Allahverənovun sözlərinə görə, cəmiyyətdə belə bir fikir formalaşıb ki, avtoxuliqanlıq edənlərin hamısı imkanlı zümrənin uşaqlarıdır. Maddi cəhətdən aşağı olan ailələrin uşaqları belə inzibati xətalara yol vermirlər: "Amma mən prosesi kənardan müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu yanlış bir təsəvvürdür. Ola bilsin ki, imkanlı təbəqənin uşaqları çoxluq təşkil edir. Amma həmişə avtoxuliqanlıq edənlər imkanlı ailələrin uşaqları olmur. Avtoxuliqanlıq edənlər daha çox Rusiyada istehsal olunmuş avtomobillərlə, xüsusilə də “VAZ-21-07” ilə avtoxuliqanlıq edirlər. Və nəzərə alaq ki, imkanlı ailələrin uşaqları heç də belə avtomobillər sürmürlər. DYP-nin keçirdiyi reydlər zamanı da təqib edilənlər bu avtomobillər olur. Avtoxuliqanlığı hansısa bir zümrə ilə dəyərləndirmək düzgün olmaz. Bu məsələyə hüquqi kontekstdən yanaşmaq lazımdır. Avtoxuliqanların əksəriyyətinin çox zaman bir məqsədi olur, özünü göstərmək, diqqəti özünə cəlb etmək".

A.Allahverənov deyir ki, heç də bu işlə məşğul olanların hamısı peşəkar sürücülər deyil. Onlar arasında naşı olanlar və ya özlərini cilovlaya bilməyən insanlar var.

Ekspert bildirir ki, dünyanın bir çox ölkələrində avtoxuliqanlıq geniş yayılıb. Hətta bəzi filmlərdə bu kimi davranışlar təbliğ edilir: "Mən düşünürəm ki, avtoxuliqanlıq edənlərin xüsusi bazasının yaradılması lazımdır. Mütəmadi olaraq onların valideynləri ilə söhbətlərin aparmaq, onların təmasda olduğu təbəqə ilə məlumatlandırıcı tədbirlər həyata keçirmək vacibdir".

A.Allahverənov qəribə təklif də irəli sürüb. Onun sözlərinə görə, bu avtoxuliqanlar arasında istedadlı şəxslərin olması istisna deyil: "Bəzi insanlar var ki, bu onlarda xüsusi bacarıqdır. Onlar avtomobili bu formada idarə etmədən yaşaya bilmirlər. Buna görə də, onlar üçün xüsusi poliqonlar yaradılmalıdır ki, onlar sakitləşə bilsinlər".

Xəbər lenti
0