BAKI, 26 oktyabr — Sputnik. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində cüdo üzrə Silahlı Qüvvələr birinciliyi keçirilib. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çempionatı Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynovun rəhbərliyi ilə hakimlər heyəti idarə edib.
Birlik, birləşmə, hərbi hissələri təmsil edən 100-dək idmançı 7 çəki dərəcəsində mübarizədə iştirak edib. Yarışın açılış mərasimi ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Müdafiə Nazirliyi Fiziki Hazırlıq və İdman bölməsinin rəisi polkovnik Sadiq Paşayev açılışda çıxış edərək, orduda şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində olduğunu qeyd edib.
Çıxış edənlər bildiriblər ki, hərbi qulluqçuların fiziki cəhətdən möhkəm, güclü olmaları onların döyüş ruhunu daha da artırır. Ordu idmançıları cüdoya da böyük maraq göstərirlər və hər il davamlı yarışlar keçirilir, eləcə də idmançılarımız beynəlxalq yarışlarda uğurla iştirak edirlər.
Beynəlxalq dərəcəli hakim Fariz Hüseynov cüdo idman növü və yarışın şərtləri haqqında iştirakçılara geniş məlumat verib.
Silahlı Qüvvələrin cüdo birinciliyində iştirak edən 13 komanda arasında "Şəmkir" komandası birinci, "Beyləqan" komandası ikinci və "Bakı" komandası üçüncü yerə layiq görülüb.
Çüdoçulardan Natiq Qurbanlı (60 kq), Tural Muradov (66 kq), Çingiz Əhmədov (73 kq), Vasif Talıbov (81 kq), Ruslan Əliyev (90 kq), İslam Abbasov (100 kq) və Tamerlan Əlisultanov (+100 kq) Silahlı Qüvvələr birinciyini qələbə ilə başa vurublar.
Sonda qalib idmançı və komandalar medal, fəxri fərman və diplomlarla mükafatlandırılıb. Birinci yeri tutmuş komandaya keçici kubok təqdim edilib, Cüdo Federasiyasının bir qrup hakimi Müdafiə Nazirliyinin rəhbərliyi adından mükafatlandırılıb.