BAKI, 25 oktyabr — Sputnik. Bu gün Gənclər və İdman Nazirliyində Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş dünya birinciliyində 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan gənclərdən ibarət cüdo komandası ilə görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və milli komandamızın məşqçiləri, eyni zamanda idmançılar iştirak ediblər.
Fərid Mansurov cüdo yığmasının dünya çempionatında çıxışını uğurlu adlandırıb. O bildirib ki, Azərbaycan Cüdo Federasiyası ilboyu qatıldıdıqları bütün yarışlarda inamlı çıxışı ilə yadda qalıb: "Gənclərin Avropa birinciliyində komandamız birinci yeri tutmuşdu. Bu da tarixi hadisədir. Bu idmana dəstək olanların uğurudur. Gələn il dünya çempionatı Bakıda təşkil olunacaq və inanıram ki, həm medallarımızla, həm də təşkilatçılığımızla yenə fərqlənəcəyik".
Cüdo Federasiyasının baş katibi Elmar Babanlının sözlərinə görə, "bu yarışın nəticələri həm əyar, həm də say baxımından bir ilk idi".
"Oğlanların yarışında birinci olduq. Tarixi hadisədir" — Babanlı deyib.
Baş katib cüdonun inkişafından, regionlarda və paytaxtda baş tutan birinciliklər haqqında məlumat verib.
Gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılov dünya birinciliyinə Avropa çempionu kimi getdiklərini deyib. O qeyd edib ki, yarışdakı ən güclü idmançılar püşkə əsasən məhz bizim cüdoçularla düşüb: "Bu, Azərbaycan cüdosu üçün uğurlu nəticədir. Bu, göstərir ki, cüdomuz düzgün yoldadır. Federasiya lazımi dəstəyi göstərir və biz də bunu doğrultmağa davam edirik".
İsmayılov dünya birinciliyində cüdoçularımızın çətin rəqiblərlə düşməsini şərh edib: "Qərəz olduğuna inanmıram. Amma bəzi dövlətlər var ki, bizə paxıllıq edirlər. Məsələn, 2 cüdoçumuz ilk döyüşdə yaponla düşdü və qalib gəldi. Halbuki onlar qalib olmağa iddialı idilər".
Dünya birinciliyinin qızıl mükafatçısı Hidayət Heydərov da çempionluğa gedən yolundan danışıb. O deyib ki, qazanılan qələblər millinin birlikdə olan uğurudur: "İlk görüşüm yaponla idi. Güclü rəqiblə mübarizədə tilsimi qırdım və ardınca qələbələri davam etdirdim".
Yarışı gümüş medalla bitirən Natiq Qurbanlı və Kəramət Hüseynov da yarış haqqında təəssuratlarını bölüşüblər.
Olimpiya çempionumuz Elnur Məmmədlinin bacısı oğlu olan Kəramət dayısının məsləhətlərindən yararlandığını deyib: "Məsələn, koreyalı idmançı ilə düşəndə də zəng edib öz fikirlərini bildirdi və dəstək oldu. Dedi ki, qalib gələcəksən".
Qeyd edək ki, 83 ölkədən 590 idmançının mübarizə apardığı dünya birinciliyində Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə ediblər.