Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 24 oktyabr — Sputnik. Son günlər müzakirəyə səbəb olan məsələlərdən biri də "BakuBus" avtobuslarının gediş haqlarını artıracağı ilə bağlıdır. Buna səbəb isə, 2016-cı ildə "BakuBus"ın 55 milyon manat zərərlə işləməsidir. Bunu nəzərə alan iqtisadçılar bildirirlər ki, yaxın günlərdə "BakuBus" avtobuslarında gediş haqları qaldırıla bilər.
Sputnik Azərbaycan xəbərin nə dərəcədə həqiqətə uyğun olduğunu "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyevdən öyrənib. O bildirib ki, gedişhaqqı ilə bağlı məsələlər "BakuBus"ın səlahiyyətlərinə daxil deyil.
"BakuBus" daşıyıcı şirkətdir və sadəcə sərnişindaşıma fəaliyyətini həyata keçirir. Diqqət yetirsəniz, görərsiniz ki, maliyyə hesabatlarında hər şey ən xırda detallarına qədər təhlil olunub və şəffaf şəkildə öz əksini tapıb. Hesabatı düzgün qiymətləndirmək üçün onun iqtisadi analizini aparmaq lazımdır. Başqa cür yanaşma qeyri-peşəkar yanaşma olar" — Piriyev vurğulayıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ölkə ərazisində ictimai nəqliyyatda gediş haqlarının qaldırılması nə daşıyıcının, nə də başqa qurumun səlahiyyətindədir: "Bu, birbaşa olaraq Tarif Şurasının qərarından asılıdır. O ki qaldı Bakı Nəqliyyat Agentliyinə, belə bir məsələ bizim gündəliyimizdə yoxdur".