İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 20 oktyabr — Sputnik. Yağışlı havalarda piyadaların üzərinə qəsdən palçıqlı yağış suyu sıçradan sürücülər 40 manat məbləğində cərimə olunmalıdır. Bu barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində qeyd olunur.
Lakin sürücülər bu maddə ilə razılaşmaq istəmirlər. Onların fikrincə, paytaxtın bütün yolları təmirli deyil və elə yollar var ki, kələ-kötür, dağınıq haldadır və təbii ki, yağıntılı havalarda bu yollar keçilməz vəziyyətdə olur. Üstəlik əksər küçələr doğru-düzgün asfaltlanmadığı və su-kanalizasiya sistemi lazımi qaydada quraşdırılmadığı üçün, yağışlı havalarda yollarda sel axır. İstər-istəməz, belə yollarda piyadaların üzərinə su sıçrayır.
Binəqədidə yaşayan sürücü Samir Abdullayev Sputnik Azərbaycan-a bildirir ki, Binəqədinin yolları keçilməz olduğu üçün, Məcəllənin bu maddəsini, ümumiyyətlə qəbul etmək istəmir: "Binəqədi ərazisi bərbad vəziyyətdədir. Orada hər zaman su olur. Əgər piyada özünü yola atırsa və ya yol keçilməzdirsə, su piyadaya sıçrayırsa, burada sürücü heç bir məsuliyyət daşımamalıdır. Piyada da vəziyyəti başa düşüb, yolun ortası ilə getməməlidir".
Sürücü deyir ki, bu maddənin həyata keçirilməsi üçün bütün yollara kamera qoyulmalıdır: "Əks halda piyadanın böhtan atdığını heç kim müəyyən edə bilməz. Bəlkə birinin məndən xoşu gəlmir, bəlkə biri acıqla mənim nömrəmi polisə verəcək ki, bəs üstümə su sıçradıb. Bunu polis necə sübut edəcək?"
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, harada gölməçə varsa, sürücü həmin yerdən ehtiyatla keçməli, sürəti minimuma endirməldir ki, su yol kənarında hərəkətdə olan və ya dayanmış piyadaların üzərinə sıçramasın: "Sürücü hərəkət edir və görür ki, sağda su yığılıb. Sürücü düşüb suyun dərinliyi ölçməyəcək ki. O, uzaqdan təyin etməlidir ki, 3-4 sm su yığını ola bilər. O, ən azından öz avtomobilini düşünüb ehtiyatla keçməlidir, bəlkə həmin yerdə ağzı açıq lyuk var".
"Əgər piyada yolun kənarı ilə hərəkət edirsə, sürücü də yolda suyun olduğunu görürsə, sürətlə keçməməlidir. Bu, artıq qəsdən hərəkətdir. İnsan var, görür ki, səki ilə piyada gedir, deyir, "qoy bunu suya batırım". Qanun bu hərəkəti qəsdən törədənlərə şamil edir" — Əliyev bildirib.
DYP sözçüsünün dediyinə görə, qanunda istisnalar var: "İnzibati xəta tənbehi o zaman tərtib edilir ki, baş vermiş hadisə qəsdən olmuş olsun. Bəzən elə olur ki, piyada qarşısında gölməçə olan yol kənarında dayanıb. Sürücü də qalıb ki, necə hərəkət etsin. Yollarda baş verən hadisələr zamanı, yalnız sürücüləri günahlandırmaq olmaz. Piyada da hərəkət iştirakçısıdır. Piyadanın da sürücü kimi vəzifə, məsuliyyət və hüquqları var".
"Ona görə də, piyada da bu məsələləri nəzərə almalıdır. Ancaq məsuliyyətsiz, digər hərəkət iştirakçılarına biganə yanaşan sürücülər də var. Elə bir halla qarşılaşan zaman, piyada həmin avtomobilin dövlət nömrə nişanını götürüb, konkret ərazi ilə bağlı müraciət etsin. Bu zaman şikayət araşdırılmalı və qərar verilməlidir" — həmsöhbətimiz qeyd edir.
K. Əliyev bildirir ki, vətəndaş belə bir halla qarşılaşan zaman 102 xidmətinə və yol polisinin 902 xidmətinə müraciət edib, əraziyə polis çağıra bilər: "Belə şikayətlər mütləq araşdırılır və sonra qərar verilir".
Hüquqşünas Fərid Həmidli də Sputnik Azərbaycan-a açıqlamasında təsdiq edir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir: "Maddədə deyilir ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə sürücülər 40 manat məbləğində cərimə edilir. Bu barədə qanun olsa belə, bu məsələni qanunla tənzimləmək mümkün deyil".
"Piyadalar sürücülərə böhtan da ata bilər, yaxud yol da bərbad vəziyyətdə ola bilər. Bunu sübut etmək üçün ya gərək hər tində kamera quraşdırılsın, ya da YPX dursun. Əslində, bu, vicdan məsələsi olmalıdır. Kiminsə avtomobil idarə etməsi həmin şəxsə ixtiyar vermir ki, yoldan keçənin üstünə su, palçıq sıçratsın. Tutaq ki, mənim üzərimə kimsə su sıçratdı, zəng edib şikayət etdim. Və o yolda kamera olmadı. Bunu mən necə sübut edəcəyəm? Bəlkə mən sürücüyə böhtan atıram? Hesab edirəm ki, qanunda incə boşluqlar var" — hüquqşünas diqqətə çatdırır.
Həmidlinin sözlərinə görə, paytaxtın küçələri o qədər də ürəkaçan deyil: "Əgər yol çuxurlarla doludursa, kələ-kötürdürsə və piyada da yolun ortası ilə hərəkət edirsə, suyun ona sıçramaması mümkün deyil. Sürücüləri də düşünmək lazımdır. Bəzi piyadalar var ki, piyada zolağına fikir verməyib istədikləri yerdən yolu keçir və yaxud piyada səkisinə fikir vermədən nəqliyyat üçün nəzərdə tutulmuş yolun ortası ilə hərəkət edirlər. Bu vəziyyətdə sürücü nə etməlidir? Yaxşı olar ki, sürücülərin də vəziyyəti nəzərə alınsın. Onsuz da yağışda, qarda avtomobillər aşağı sürətlə hərəkət edir".