BAKI, 23 oktyabr — Sputnik. Kubanın "EcuRed" internet ensiklopediyasına "Qarabağ" FK haqqında məqalə əlavə edilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Kuba Respublikasındakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, Kuba Elmi və Texnoloji Məlumat İnstitutu nəzdində fəaliyyət göstərən "EcuRed" internet ensiklopediyasına (www.ecured.cu) Azərbaycanın "Qarabağ" futbol klubu haqqında əlavə edilmiş məqalədə "Qarabağ" FK-nın yaranma tarixindən bəhs edilir.
Eyni zamanda Azərbaycan futbolunda ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayan "Qarabağ" klubunun rəsmi olaraq ölkəmizin işğal edilmiş Ağdam rayonuna məxsus olduğu bildirilir. Məqalədə qeyd olunur ki, Dağlıq Qarabağın, o cümlədən Ağdam şəhərinin 1993-cü ildə Ermənistan tərəfindən işğal edildiyindən sonra "Qarabağ" futbol komandası müvəqqəti olaraq paytaxt Bakı şəhərində məskunlaşıb.
Daha sonra Ensiklopediyada "Qarabağ" futbol klubunun rəmzləri, o cümlədən özündə Qarabağ atlarını əks etdirən klubun emblemi, həmçinin "Qarabağ" FK-nın oyun üslubu, tarixi nəticələri və komandanın baş məşqçisi Q.Qurbanov haqda məlumatlar verilir.
Qeyd etmək lazımdır ki, rəsmi statistikaya əsasən "EcuRed" internet Ensiklopediyası Kubanın dövlət və hökumət təşkilatları, o cümlədən ali təhsil ocaqları, yerli kütləvi informasiya vasitələri tərəfindən istinad edilməsi üçün ən çox istifadə olunan məlumat mənbəyi və Kubada ən çox ziyarət olunan internet portalıdır.