BAKI, 23 oktyabr — Sputnik. Şirvanda cəza çəkən məhkumlardan bir neçəsi Bakıya gətirilərkən qaçıb. Sputnik Azərbaycan xəbər verir ki, həmin məhkumlar Şirvandan Bakıya qatarla gətirilirmiş. Qatar Biləcəri stansiyasında dayanan zaman onlardan bir neçəsi qaçmağa nail olub. Hazırda qaçan məhkumların axtarışı davam edir.
Qaçan məhbusların adları məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir. E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.
Onlardan biri kriminal aləmin üzvü imiş. Belə ki, 28 yaşlı Əli Ağami kriminal aləmdə tanınan şəxslərdən olub. Lent.az xəbər verir ki, o, 2015-ci ilin noyabrında Şirvan şəhərində xuliqanlıq zəminində 2 nəfərin — Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar həbs olunub.
Qeyd edək ki, qətlə yetirilən Elvin Nəciyev kriminal aləmdə "Krıtıy Elvin" adı ilə tanınıb. Zaur Sarıbalayev isə kriminal aləmdə "Masallı Mamed" və "Qoca" ləqəbi ilə tanınan, nüfuza malik Etibar Hacıqabulinskinin yaxın adamı olub. Məlum cinayətdən sonra Ə.Ağaminin qardaşı Zaur Ağami bir müddət təqib olunub.