CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aliment ödəyə bilməyən şəxs: "İcraçı 200 manata görə məni həbs etdirmək istəyir"

© Sputnik / Murad OrujovПередача денег из рук в руки, фото из архива
Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən çox gözəl bilirəm ki, Ramizə "hörmət" etsəydim, onun dediyi kimi ərizəylə canımı qurtara bilərdim"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Son illər ölkədə boşanmaların sayı durmadan çoxalır və buna müvafiq olaraq aliment problemləri də artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin 5 ayı ərzində ölkədə qeydiyyat şöbələri tərəfindən 23044 nikah və 6207 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub. Çox zaman boşanma zamanı uşaq anaya verilir, aliment verən tərəf isə ata hesab edilir. Atalar isə müxtəlif bəhanələrlə aliment verməkdən imtina edir.

Qazax Rayon sakini Elşad Əzimov ikinci həyat yoldaşından 2015-ci ildə rəsmən ayrılıb və birgə nikahlarından bir qız övladı var. Məhkəmə zamanı hakim Əzimovun qızına ayda 80 manat verməsini qərar alıb. E. Əzimov bir müddət hissə-hissə bu məbləği ödəsə də, sonradan özünün dediyi kimi, iş və şəxsi problemləri yaranıb və o işləmək qabiliyyətini itirib. Hazırda Əzimovun qızının anasına 1500 manat aliment borcu var. Borcu ödəmək üçün isə nə işi var, nə də pulu. 

Girov Şahbaz Quliyevin ailəsi yardım istəyir - Sputnik Azərbaycan
VİDEO
Girov Şahbaz Quliyevin ailəsi yardım istəyir

Sputnik Azərbaycan-a məktubla müraciət edən E. Əzimov bildirib ki, Qazax icra qrupunun rəisi Ramiz Şəmmədov 200 manata görə onu həbs etdirmək istəyir: "Məndən açıq şəkildə zorla rüşvət istəyir. Mən bilmirəm alimentimi ödəyim, yoxsa Ramizə pul verim. Qazaxda hər kəs gözəl bilir ki, Ramizin haqqını verməyənlər çox sərt cəzalandırılır. Bircə o qalıb ki, mən Ramizin əlindən qaçaraq, aprel döyüşlərində iştirak edən oğlumu da götürüb, başqa bir ölkənin sərhədində ağ bayraq qaldırıb vətəndaşlıq istəyəm".

Şikayətçi bildirir ki, oğlu Əzimov Xəyal Elşad oğlu ötən ilin aprel döyüşlərində iştirak edib və qarın nahiyəsindən yaralanıb. Bu ilin fevral ayında Ağdamda gedən döyüşlərdə kəllə-beyin travmasıyla yenidən hospitala düşüb: "Bir ay öncəyə qədər Bakıda Mərkəzi Hərbi Hospitalda müalicə olunurdu. Hazırda Gəncə hərbi hospitalda müalicə olunur. 1 ildir ki, mən yaralı oğlumun arxasınca Qazax-Bakıya, Bakı-Gəncə yollarında qalmışam. İşdən də qazandığım pulları bu yollarda xərcləyirəm".

Elşad Əzimov bildirir ki, bu ilin yanvar ayıda Bakıda daş karyerində sürücü kimi işə düzəlib. Lakin Ramiz Şəmmədov onu aldadaraq Qazax rayonuna çağırtdırıb: "Mən Bakıda olanda Ramiz Şəmmədova zəng vurub işə düzəldiyimi və maaşımı alan kimi alimenti ödəyəcəyimi bildirdim. Ramiz Şəmmədov isə məni aldadaraq dedi ki, eləcə gəl bir ərizə yaz, get yenə işinlə məşğul ol. Fevralın 13-də iş yerindən 2 günlük icazə alıb Qazax məhkəməsinə gəldim. Ramiz Şəmmədov tabeçiliyində olan Ceyhun Babaşova göstəriş verdi ki, protokol yaz. Ceyhun Babaşov rəisi Ramiz Şəmmədova mənim yanımda müraciət etdi ki, bəlkə vaxt verək, xəbərdarlıq yazaq. Ramiz Şəmmədov isə ona qəti göstəriş verdi ki protokol yaz. Sonra məni məhkəmə qarşısına çıxardılar və 15 sutka verdilər. Lakin mən çox gözəl bilirəm ki, Ramizə "hörmət" etsəydim, onun dediyi kimi ərizəylə canımı qurtara bilərdim. Çünki o özü bu işi bağlamaq üçün məndən 50 manat istəmişdi. Heç bir bildiriş və ya xəbərdarlıq vermədən mənim 15 sutka həbs olunmağım hansı qanuna və hansı reallığa sığır? Bu özbaşınalıq qanunsuzluq deyilsə bəs nədir?" 

Tamilla Məhərrəmovanın mənzili - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda bir ailə var: başsız, möhtac, gözü yolda...

Daha sonra şikayətçi bildirir ki, ayrıldığı həyat yoldaşına 4 ay əvvəl 580 manat aliment pulu ödəyib: "Bakıda alver etdiyim puldan ödədim. Sonra belimdə ağrılar başladı və müayinə zamanı məlum oldu ki, onurğamda 4 mm yırtıq var. Mən ayaq üstə dayana bilmirdim və 2 aya qədər yataq şəraitində olmuşam. Diaqnostikadan sənədim də var. Bu səbəbdən iş qabiliyyətimi itirdim və işləyib alimenti ödəyə bilmədim".

E. Əzimov bildirir ki, qohum evində qalır. Alimenti ödəyə bilmək üçün işi də yoxdur. Pasportuna "stop" qoyulduğu üçün ölkədən kənara çıxıb çalışa da bilmir.

Məsələ ilə bağlı Qazax rayon İcra Qrupunun rəisi Ramiz Şəmmədovla əlaqə saxladıq. O bildirdi ki, adı çəkilən şəxsdən rüşvət tələb edilməyib, ondan ödəməli olduğu aliment tələb edilib: "Deməli, 2015-ci ildən Elşad Əzimovdan hər ay 80 manat məbləğində aliment pulu alınıb Əşrəfova Vüsalə Məhəmməd qızına verilməlidir. Əzimov həmin dövrdən bu günə qədər həmin puldan bir qədər ödəyib. Amma hazırda şəxsin 1500 manat məbləğində aliment borcu var. Bununla da bağlı 15 gün müddətinə inzibati qayda da həbs də olunub. Ancaq həmin şəxs bundan heç bir nəticə çıxarmayıb. Sonra vətəndaş bizə bildirib ki, 10 sentyabrda borclu olduğu məbləğdən 700 manat ödəyəcək, amma ödəməyib. Bununla bağlı qeydiyyatda olduğu ünvana da getmişik. Qardaşı ilə danışdıq və o bizə bildirdi ki, Elşad Bakıda yaşayır. Buna görə də biz onunla bağlı həm axtarış, həm də məcburi tapılıb gətirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün qərar vermişik".

R. Şəmmədov bildirdi ki, onlar E. Əzimovdan yalnız borcunu verməsini tələb edirlər. Vətəndaşdan başqa heç bir məbləğ tələb edilməyib: "O bir dəfə izahat verib və gedib. Bildirmişdi ki, o Bakıda işləyir və qızın hesabına ödəniş edəcək. Etməyib. Buna görə də onun ölkədən çıxışına qadağa qoyulub. E. Əzimov ya aliment pulunu ödəməlidir, ya da Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb ediləcək".

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, Ailə Məcəlləsinə əsasən, borclu olan tərəf alimenti ödəmədən ölkəni tərk edə bilməz: "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı var. Bu qərarda qeyd edilir ki, alimenti üzrsüz səbəbdən ödəməyən və ya bununla bağlı icra məmurunun tələblərini yerinə yetirməyən şəxslərə inzibati tənbeh növü seçilir və bu cəza seçilərkən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati tənbehin məqsədi inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdən, habelə yeni inzibati xəta törədilməsinin qarşısını almaqdan ibarətdir. Bu baxımdan, aliment ödəməyən şəxslərə inzibati cərimənin tətbiqinin hansı səmərəsi olması nəzərdən keçirilməli, icra sənədlərinin icrasına real şərait yaradılması üçün daha təsirli vasitələrdən istifadə olunmalıdır". 

Bərdə rayonu - Sputnik Azərbaycan
HADİSƏ
Kişi ailə üzvlərini qanlarına qəltan etdi

Ekspert bildirir ki, qərəzli olaraq alimenti ödəməyən şəxslərə Cinayət Məcəlləsində nəzərdə tutulan cəzaların təyini zamanı məhkəmələr cəzanın məqsədini diqqətdə saxlamalıdır: "Qısacası, qanunlar tətbiq edilərkən vətəndaşın vəziyyəti araşdırılmalıdır. Aliment ödəməməsinin üzrlü səbəbi yoxdursa, inzibati tənbehdən sonra Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə (məhkəmə qərarını icra etməkdən boyun qaçırma) məsuliyyətə cəlb edilə bilər".

F. Həmidlinin sözlərinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə müvafiq olaraq 1 uşağa görə qazancın və ya başqa gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə 1/3 hissəsi, 3 və daha çox uşağa görə yarısı tutulur. Əgər alimenti verəcək şəxsin qazancı yoxdursa və ya dəyişkən qazancı varsa, bu zaman tərəflərdən birinin marağı əhəmiyyətli şəkildə pozularsa və s. hallarda aliment tələb edən şəxsin xahişi ilə sabit pul məbləğində tutula bilər. Bu zaman maddi və ailə vəziyyəti və digər hallar nəzərə alınır.

Hüquqşünas bildirir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

Xəbər lenti
0