BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula səfər edib. Türkiyənin ev sahibliyi etdiyi bu toplantıya Azərbaycan xüsusi qonaq statusu ilə dəvət edilib.
D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi — Türkiyə və İndoneziya "Böyük iyirmilər"in (G-20) üzvüdür. Qeyd edək ki, Türkiyənin sədrliyi dövründə Azərbaycan "Böyük iyirmilər"in toplantılarında xüsusi statuslu qonaq kimi iştirak edib.
"D-8"in yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısı çərçivəsində, o vaxtkı baş nazir Ərbakanın təklifi ilə reallaşıb və bir il sonra təşkilatın İstanbul Zirvə toplantısı zamanı təsis olunub. Hazırda təşkilat Zirvə, Şura və Komissiyalardan ibarət 3 əsas rəhbər struktur tərəfindən idarə olunur.
"D-8" Birləşmiş Millətlər Təşkilatında 2014-cü ildən müşahidəçi statusu ilə təmsil olunur. Təşkilata üzvlük inkişaf etmiş ölkələr üçün azaddır. İlk növbədə üzv ölkələrdə elm və texnologiyaların, ticarət, sənaye, kənd təsərrüfatı, o cümlədən balıqçılıq və qablaşdırılmış qida istehsalını yüksəltmək təşkilatın qarşıya qoyduğu əsas vəzifədir. Tərəflər hesab edirlər ki, iqtisadi əməkdaşlığı genişləndirməklə, o cümlədən ticarət sahəsindəki imkanlardan daha səmərəli istifadə etməklə həm üzv ölkələrin, eyni zamanda, onların qarşılıqlı münasibətlərdə olduqları ölkələrin inkişafına böyük töhfələr vermək mümkündür.
Təşkilatın katibliyinin rəsmi məlumatına görə, 2015-ci ildə üzv ölkələrin ümumi daxili məhsulu, ümumilikdə 3,6 trilyon dollar olub. Bundan başqa, hesabat ilində ticarət dövriyyəsi 120 milyard, ixracat isə 693 milyard dollar məbləğinə yüksəlib. Bu göstərici dünyadakı illik ticarət dövriyyəsinin təxminən 4 faizini təşkil edir.
Artıq iyirmi yaşını qeyd etməyə hazırlaşan "D-8", bu vaxtadək 8 Zirvə, 37 komissiya iclası, 16 şura toplantısı keçirib. Araşdırmaçılar belə hesab edirlər ki, "D-8" qurumuna üzv olan ölkələr arasında ticarət dövriyyəsinin məbləğini 500 milyard, ixracatı isə 800 milyard ABŞ dolları səviyyəsindən yuxarı qaldırmaq mümkündür.
Zirvə toplantısı çərçivəsində İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü daha çox diqqəti cəlb edir. Siyasi araşdırmaçılar görüşün əhəmiyyətindən və Azərbaycan üçün faydasından danışırlar. Heç şübhəsiz ki, bu görüşdə əsas müzakirələrdən biri Qarabağ münaqişəsi ilə bağlı son Cenevrə görüşünün nəticələri olub.
Eyni zamanda, Türkiyənin ABŞ ilə davam edən soyuq münasibətlərinin də hər iki ölkə başçısı tərəfindən müzakirəsi istisna deyil. İstisna edilmir ki, görüşdə, Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif formaları müzakirə olunub.
Azərbaycanın müdafiə sənayesinin inkişaf etdirilməsi ilə bağlı məsələnin də müzakirə edildiyi qaçılmazdır. Ankara və Bakının müştərək hərbi təlimləri onu deməyə əsas verir ki, Azərbaycan yaxın vaxtlarda Türkiyə ilə strateji müttəfiqliyini daha yüksək səviyyəyə çatdıracaq.
Əlbəttə ki, Bakını daha çox Qarabağın taleyi düşündürür və bu prosesdəTürkiyənin nə edə biləcəyi məsələsi də maraq doğurur. Hazırda gündəmdə olan əsas məsələ sülh yaratma prosesidir. Ermənilər bu prosesə maneçilik yaratmağa çalışırlar və Bakı bu məsələdə Ankaranın yardımına ümid bəsləyir.
Türkiyənin həm BMT-yə, həm də digər beynəlxalq təşkilatlara təsir imkanları mövcuddur. Digər tərəfdən, "D-8" toplantısına qatılan İran, Pakistan, Bangladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya bölgədə müxtəlif rollara malik oyunçulardır. Xüsusən, Pakistan Azərbaycanın ən yaxın tərəfdaşlarındandır.
İqtisadi məsələlərlə yanaşı, Bakı hər bir zirvə toplantısından faydalanmaq istəyir və bu baxımdan, İlham Əliyevin İstanbul toplantısında iştirakı və ikitərəfli görüşləri diqqətdən kənarda qala bilməz…