İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 20 oktyabr — Sputnik. Xəbər verildiyi kimi, Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.
Sputnik Azərbaycan-ın məlumatın görə, hadisə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovun seçki qərargahının çadırında olub. Sakinlərin sözlərinə əsasən, avtomat silahdan atəş açılıb. Əvvəlcə nişan alınaraq tək atəşlə namizəd və daha bir nəfər vurulub. Sonra cinayətkar silahı avtomatik rejimə qoyaraq hər tərəfə atəş açıb.
Hadisəni törədən şəxs atəş açdıqdan sonra avtomatı hadisə yerində ataraq aradan çıxıb. Qərargahın yanından dəmir yol xətti keçir. Sakinlər atəş açanın piyada olduğunu, hadisəni törətdikdən sonra dəmir yolu istiqamətində aradan çıxdığını ehtimal edir.
Hadisə nəticəsində 5 nəfər yaralanıb. Onlardan ikisi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İki nəfərin vəziyyəti orta ağırdır. Onların həyatına təhlükə olmadığı bildirilir. Yaralılardan vəziyyəti ən ağır olan Ceyhun Çovdarovdur. O, qarnından iki güllə yarası alıb. Həkimlər onun gələn həftənin birinci gününədək reanimasiyada saxlanılacağını deyir.
Hazırda əhali xəstəxananın qabağına toplaşıb.
Ceyhun Çovdarovun qohumları hadisənin şəxsi qərəz zəminində törədilmə ehtimalının mümkünsüzlüyünü deyirlər. Onların sözlərinə görə, Ceyhungilin ailəsi kənddə heç kimlə ədavəti olmayan, sakit bir ailədir.
"Hər gün tək Tbilisiyə gedib gəlir. Şəxsi qərəz olsa, yolda vursunlar, evdə vursunlar. Daha niyə qərargahda ondan başqa 4 nəfəri də güllələsinlər? Bu seçkini pozmaq üçün törədilən bir hadisədir" — deyə Ceyhun Çovdarovun yaxın qohumu Yaşar adlı şəxs bildirir.
Onu da bildirək ki, Ceyhun Çovdarov sabahkı seçkilərdə yenə namizəd kimi iştirak edəcək.
Yaralananlardan Vuqar Bayramovun atası, Qızılhacılı bələdiyyəsinin sədri İsmayıl Bayramov hadisənin nə səbəbdən törədilməsi barədə məlumatsız olduqlarını, heç bir ehtimallarının olmadığını deyir.