BAKI, 19 oktyabr — Sputnik. Keçmişin qalıqları ölkədə daha bir qəddar cinayətin səbəbi olub. Belə ki, oktyabrın 17-də Abşeron rayonunun Saray qəsəbəsində qardaşı öz bacısını "namus üstündə" öldürüb.
Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, 1982-ci il təvəllüdlü Süleymanova Əntiqə Abdulla qızı doğma qardaşı tərəfindən qısqanclıq zəminində qətlə yetirilib. Qardaş öz aləmində bu əməli ilə ailənin namusunu qoruyurmuş. Kişi Süleymanovanın üzünə ov tüfəngindən atəş açıb və cinayəti törətdiyi yerdən qaçaraq gizlənib. Hazırda Abşeron RPİ-nin əməliyyatçıları şübhəli şəxsi axtarırlar. Onun adı hələlik açıqlanmır. Polisdə şübhəlinin respublika ərazisini tərk edib-etmədiyi barədə məlumat yoxdur.
Sadəcə o məlumdur ki, qızın 3 qardaşı var. Cinayəti onlardan biri törədib. İlkin məlumata görə, qardaşı dul qalmış bacısını başqa bir kişi ilə əlaqə zamanı tutub. Onun fikrincə, bacısının şəxsi həyatını qurmaq hüququ yoxdur, əgər buna cəhd etsə, yaxasını yalnız ölümlə qurtaracaq. Buna görə də, qardaş ailə rüsvayçılığını qanla yumaq qərarına gəlib.
Süleymanova iki uşaq anası olub.
AR DİN-in məlumatına görə, 2017-ci ilin ilk yarım ilində respublikada 80 qəsdən törədilmiş qətl hadisəsi qeydə alınıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu 11 nəfər azdır.
2016-cı ildə Azərbaycanda 179 qətl törədilib. Burada qətllərin sayının aşağı düşməsi (24 hadisə) tendensiyasını da qeyd etmək lazımdır.