BAKI, 18 oktyabr — Sputnik. "Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Çox əziyyət çəkdilər".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov "Atletiko" ilə oyundan sonra deyib.
"Həqiqətən, ağır oyun oldu. Uşaqlar sona qədər düzgün oynamağa çalışdılar və maksimum güclərindən də artığını meydanda qoydular. Azarkeşlər də bu gün bizə yaxşı dəstək oldular. Vacib xal qazandıq. Bu turnirin gücünü hiss etməyin futbolçularımıza böyük faydası olacaq".
Qurbanov görüş barədə tənqidi fikirlər də işlədib:
"Yolun əvvəlində həmişə həyəcan çox olur. Əgər heç-heçə oynamışıqsa, bu o demək deyil ki, bu gün hər şey alınıb. Nöqsanlar var idi. Rəqibə bir neçə qol epizodu yaratmağa imkan verdik".
Məşqçi hakimin Dino Ndlovu ilə bağlı epizodda səhv qərar qəbul etdiyini bildirib: "O epizodda ikinci sarı vərəqəlik heç nə yox idi. Belə şeylər olur. Buna normal yanaşırıq".