BAKI, 16 oktyabr — Sputnik. 15-22 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatına start verilib. Yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edəcəklər.
Federasiyanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan ikisi – Məhəmməd Məmmədli və Kənan Xəlilov medal mübarizəsinə qoşulub. Atletlərimiz yaşı 20-yə qədər olan gənclərin 62 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.
Kənan Xəlilov birdən qaldırma hərəkətində 123 kq-ı ram edərək bu hərəkətdə bürünc medal qazanıb. O, təkanla qaldırmada 133 kq-ı qaldıraraq bu hərəkətdə 7-ci olub. Atletimiz toplam 256 kq (123+133) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.
Məhəmməd Məmmədli birdən qaldırma hərəkətində 115 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 6-cı olub. O, təkanla qaldırmada 148 kq-ı qaldıraraq bu hərəkətdə bürünc medala sahib çıxıb. Atletimiz toplam 263 kq (115+148) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.