BAKI, 13 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Rusiyanın RT telekanalının əməkdaşları bu yaxınlarda Bağdaddakı sığınacaqlardan birində azərbaycanlı uşaqlar – 2 yaşlı Xədicə və 3 yaşlı Abdullanın görüntülərini çəkiblər. Sputnik Azərbaycan bu uşaqlar barədə məlumatları yaydıqdan sonra, Azərbaycanın Xarici İşlər Nazirliyi və İraqdakı diplomatik korpusumuzun nümayəndəliyi də uşaqların taleyi ilə yaxından maraqlanmağa başlayıblar. Artıq kiçik Abdullanın qohumları tapılıb və onun özü də Bakıya gətirilib.
Bu gün isə daha bir sevindirici xəbər almışıq. Bir müddət əvvəl balaca Xədicənin nənəsi olduğunu iddia edərək Sputnik Azərbaycan-a müraciət edən Vahidə Nuriyeva, bu gün yenidən redaksiyamızla əlaqə saxlayıb. O bildirib ki, 4 nəvəsindən ikincisi olan Əsnad tapılıb. Bununla əlaqədar olaraq V. Nuriyeva Xarici İşlər Nazirliyinə dəvət edilib.
"Dünən nazirlikdə idim. Əsnadla danışıblar, atasının, anasının qohumlarının adını çəkib. Mən də danışdım. Dedi "nənə, necəsən, babam necədir?" Şükür Allaha ki, tapıldı" — qadın bildirib.
Bununla belə, o, əlavə edib ki, hələ qızından və onun yaxınlarından xəbər yoxdur: "Əsnadı isə bir qadın tapıb, aparıb evinə, sorğu-sual edib. Xədicənin də mənim nəvəm olduğu güman edilir. Bildirdilər ki, 80 faiz gümanla, o, mənim nəvəmdir. Amma hələ ki, araşdırma aparılır. Nəticə məlum olandan sonra mənimlə əlaqə saxlayacaqlar".
V. Nuriyeva həmçinin bildirib ki, tapılan nəvəsi Əsnadın yaxın günlərdə ölkəyə gətirləcəyi gözlənilir. Amma hələ ki, araşdırma aparılır. Xədicənin də nəvəsi olduğu müəyyən edildikdən sonra onlara veriləcək.