CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İraqda tapılan körpənin nənəsi ortaya çıxdı: "Qızıma başqa çarə buraxmayıblar"

© Sputnik / Irade JELILVahidə Nuriyevanın sözlərinə görə, qızı Aybəniz 2008-ci ildə Əmirağa Əliyev adlı şəxslə ailə həyatı qurub
Vahidə Nuriyevanın sözlərinə görə, qızı Aybəniz 2008-ci ildə Əmirağa Əliyev adlı şəxslə ailə həyatı qurub - Sputnik Azərbaycan
Abunə olmaq
Balaca Xədicənin nənəsi olduğunu iddia edən qadın Sputnik Azərbaycan-a üz tutdu

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 27 sentyabr — Sputnik. Dünyanın bəlasına çevrilən İŞİD küləyi zaman-zaman Azərbaycanın da üzərindən əsir. Hələ bir müddət əvvələ qədər tez-tez həmvətənlərimizin İŞİD sıralarına qoşulması, bu terror təşkilatının bəşəriyyətə zidd ideyaları naminə döyüşmək üçün müxtəlif yollarla Suriyaya, İraqa gedib çıxması xəbərlərini eşidirdik. Demək olar ki, mütəmadi olaraq növbəti azərbaycanlının Suriya və İraqda ölüm xəbərini alırdıq.

Amma güc strukturlarının gördükləri tədbirlər nəticəsində son vaxtlar belə məlumatların sayı xeyli azalıb. Buna baxmayaraq, bir zamanlar terror şəbəkəsinin yalanına aldanaraq vətənini tərk edənlərin acı xəbərləri hələ də ara-sıra gəlməkdədir. Bəzi insanlar ağılsızcasına, onları gözləyən dəhşətlərin fərqinə varmadan öz körpə uşaqlarını da götürüb İŞİD-in nəzarətindəki ərazilərə gediblər. Özlərinin və uşaqlarının həyatını təhlükəyə atıblar…

© Sputnik / Irade JELILVahidə Nuriyeva
Vahidə Nuriyeva - Sputnik Azərbaycan
Vahidə Nuriyeva

Bu günlərdə redaksiyamıza kiçik Xədicənin nənəsi olduğunu iddia edən xanım da müraciət edib. Onu redaksiyaya dəvət etdik. Vahidə xanım, qızının, onun ailəsinin şəkillərini də gətirmişdi. O, ümid edir ki, balaca Xədicə onun nəvəsi ola bilər. Olmasa da, bəlkə qızı (əgər sağdırsa) onun səsini eşidər, narahat olduğundan xəbər tutar. Vahidə xanımın dediyinə görə, Xədicə Azərbaycandan kənarda doğulduğu üçün onu ancaq göndərilən şəkillərdə görüblər.

© Sputnik / Irade JELILQızının baldızı Xəyalə Fərzalıyeva Türkiyədə yaşadığı üçün qızı və kürəkəni də ora köçmək istəyirmişlər
Qızının baldızı Xəyalə Fərzalıyeva Türkiyədə yaşadığı üçün qızı və kürəkəni də ora köçmək istəyirmişlər - Sputnik Azərbaycan
Qızının baldızı Xəyalə Fərzalıyeva Türkiyədə yaşadığı üçün qızı və kürəkəni də ora köçmək istəyirmişlər

Xatırladaq ki, RT telekanalının əməkdaşları bir müddət öncə Bağdaddakı sığınacaqda iki yaşlı Xədicə və üç yaşlı Abdullanı çəkiblər. Valideynləri onları "İslam dövləti"nin nəzarətində olan ərazilərə aparıblar. Uşaqlar özləri haqqında heç nə deyə bilmirlər. Amma Abdullanın danışığından da aydın görünür ki, onlar azərbaycanlı uşaqlardır. Sputnik Azərbaycan süjetdən dərhal sonra həmin uşaqlarının yaxınlarının axtarışına başlamışdı. Artıq Azərbaycanın İraqdakı səfirliyinin konsulu Zəbi Axundov İraqda uşaq evində saxlanılan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib və onunla söhbət etməyə çalışıb. Verilən məlumata görə, artıq həmin azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyənləşib. Azyaşlının valideynlərinin kimliyinin və Azərbaycanda olan şəxslərlə yaxın qohumluq əlaqələrinin dəqiqləşdirilməsi ilə onun Azərbaycana gətirilməsi və qohumlarına təhvil verilməsi üçün İraqdakı Azərbaycan səfirliyinin bu ölkənin müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları və təmasları davam etdirir.

Vahidə Nuriyevanın sözlərinə görə, qızı Aybəniz 2008-ci ildə Əmirağa Əliyev adlı şəxslə ailə həyatı qurub: "Aybəniz mənim ikinci qızımdır. Çox gənc yaşlarında ailə həyatı qurub. Normal ailələri vardı. Qızımın həyat yoldaşından, ailəsindən çox razı idim. Ad günləri keçirirdik, gedib günlərlə onlarda qalırdım. Oğlanın valideynləri olmadığı üçün bir ana kimi həmişə məni çağırırdı. Böyük qızını da mən böyütmüşdüm. Böyük qızı Sara 2010-cu ildə dünyaya gəlmişdi. O uşağa 4 yaşına kimi mən baxmışam. Sonra iki qızı – Məryəm və Əsnad da dünyaya gəldi".

Vahidə xanımın sözlərinə görə, qızının baldızı Xəyalə Fərzalıyeva Türkiyədə yaşadığı üçün qızı və kürəkəni də ora köçmək istəyirmişlər. Əmirağa və Aybəniz 3 il əvvəl Türkiyəyə köçürlər. Vahidə Nuriyeva əvvəlcə qızı ilə tez-tez danışa bilsə də, sonradan qızının zəngləri azalır.

© Sputnik / Irade JELILAna qızı ilə sonuncu dəfə 6-7 ay öncə danışıb. Həmin vaxt qızı İraqda olduğunu deyib
Ana qızı ilə sonuncu dəfə 6-7 ay öncə danışıb. Həmin vaxt qızı İraqda olduğunu deyib - Sputnik Azərbaycan
Ana qızı ilə sonuncu dəfə 6-7 ay öncə danışıb. Həmin vaxt qızı İraqda olduğunu deyib

"Qızımın öz nömrəsi yox idi. Həmişə kiminsə telefonundan yazar, zəng edərdi. Özüm dəfələrlə həmin nömrələrə yazsam, zəng etsəm də, səhv düşdüyümü deyirdilər. Düşünürdüm ki, bir qədər pul düzəldib, gedib onları görərəm. Amma imkanım olmadı. 2016-cı ilin mart ayında bir qızı da dünyaya gəldi. Dedim, "ay qızım, 3 qızın var idi, neyləyirdin uşağı?" Dedi ki, "ana, oğlan istəyirdim, qız oldu, buna da şükür olsun". Uşağın adını Xədicə qoydular" — müsahibimiz danışır.

V. Nuriyeva deyir ki, qızı ailə həyatı qurduqdan 4-5 il sonra hicab taxmağa başlayıb. Aybənizin baldızı da hicablı olub. Buna görə də, Vahidə xanım qızına heç nə deməyib, heç bir zaman da düşünməyib ki, qızının yoldaşı kiməsə qoşula bilər: "Mədəni, sakit, eyni zamanda, yeyib-içən oğlan idi. Onlara gedəndə canını qurban etməyə hazır idi. Onun dinə bağlanacağını ağlıma belə, gətirə bilməzdim".

Qızı Türkiyədə yaşadığı müddətdə ara-sıra anasında zəng edir, uşaqlarının şəkillərini göndərirmiş. Amma Xədicə dünyaya gəldikdən sonra qızının zəngləri tamamilə kəsilib.

Ana qızı ilə sonuncu dəfə 6-7 ay öncə danışıb. Həmin vaxt qızı İraqda olduğunu deyib: "Qızım Mosulda avtomobil qəzasına düşmüşdü. Məktəb avtobusu dərəyə yuvarlandığı üçün böyük nəvəm Sara qəzada ölüb. Qızım isə ağır yaralanıb. 3 dəfə əməliyyat olunub. Ayaqları işləmirdi. Deyirdi ki, "ana, gəzə bilmirəm, həkimlər deyirlər ki, 1 ilə ancaq ayağa duracam ". Qızımın diz qapağı bağlanmırdı. Dediyinə görə, bütün qohumları ilə Tel-Afərdə yaşayırmışlar".

© Sputnik / Irade JELIL"Qızımın yoldaşının vəhabi olduğunu düşünməmişdim. Amma baldızının yoldaşı dindar idi"
Qızımın yoldaşının vəhabi olduğunu düşünməmişdim. Amma baldızının yoldaşı dindar idi - Sputnik Azərbaycan
"Qızımın yoldaşının vəhabi olduğunu düşünməmişdim. Amma baldızının yoldaşı dindar idi"

Vahidə xanımın sözlərinə görə, qızının baldızının iki oğlu var. Böyüyü Yusif Azərbaycanda dünyaya gəlib, kiçiyi isə Xədicə ilə eyni vaxtda doğulub, adını Üveys qoyublar: "Qızımın yoldaşının vəhabi olduğunu düşünməmişdim. Amma baldızının yoldaşı dindar idi. Elə baldızının yoldaşı da İraqa öz qardaşıyla bir yerdə gedib. Nə qədər ki, kürəkənimin anası sağ idi, rahat idim. Anası öləndə qızı ilə oğlunu bir-birinə tapşırmışdı".

"Qızımın yoldaşı bacısını çox istəyirdi, onun sözündən çıxmazdı. Ola bilər ki, elə bacısının təsiri altına düşsün. Qızımın da çarəsi yox idi. 3-4 uşaqla nə edə bilərdi ki? Ola bilsin, görüb ailəsi o yoldadır, bu da qəbul edib. Yəni, mən belə düşünürəm" — həmsöhbətimiz əlavə edir.

V. Nuriyeva deyir ki, videogörüntülərdə balaca Xədicəni görəndə ürəyinə gəlib ki, onun nəvəsi ola bilər: "Sizin saytın yaydığı videolarda Xədicəmi gördüm. Düşündüm ki, əgər qızım, onun baldızı sağ olsaydı, uşaq ortalıqda qalmazdı. Bütün ümidlərim qırıldı. Düşünürəm, yəqin ki, qızım da, yoldaşı da ölüb. Qızımın baldızının Azərbaycanda olan qohumları ilə əlaqə saxladım. Onlar da xəbərsizdirlər. Oğlum sizin videonu görəndə dedi ki, "ana, bu, bizim uşaqdır, dayanma get". Mən də, "bu da bir ümiddir", deyib sizin yanınıza gəldim. Qızımın yoldaşının adı Əmirağadır, amma İraqda onu dindarlar Hamza çağırırmışlar".

© Sputnik / Irade JELILV. Nuriyeva deyir ki : "Sizin saytın yaydığı videolarda Xədicəmi gördüm. Düşündüm ki, əgər qızım, onun baldızı sağ olsaydı, uşaq ortalıqda qalmazdı."
V. Nuriyeva deyir ki : Sizin saytın yaydığı videolarda Xədicəmi gördüm. Düşündüm ki, əgər qızım, onun baldızı sağ olsaydı, uşaq ortalıqda qalmazdı. - Sputnik Azərbaycan
V. Nuriyeva deyir ki : "Sizin saytın yaydığı videolarda Xədicəmi gördüm. Düşündüm ki, əgər qızım, onun baldızı sağ olsaydı, uşaq ortalıqda qalmazdı."

Vahidə xanım danışır ki, kürəkəninin qardaşları Aybənizin və ərinin Türkiyəyə getmələrini istəmirlərmiş: "Onlar həmişə mənim qızıma yaxşı baxıblar. Hətta deyirdilər ki, "sən getmə, biz sənə də, uşaqlarına da baxarıq". Düşünürəm ki, onlar qardaşlarının yanlış yola düşə biləcəyini anlayırmışlar".

"Nə qızımdan, nə ailəsindən xəbərim var. Əgər mənim oğlum bu yola düşsəydi, özüm keçərdim qarşısına, qoymazdım harasa getsin. Bu yola düşsəydi, heç onu övlad kimi də qəbul etməzdim. Amma qız ailəsindən asılıdır, əri nə desə, onu etməyə məcburdur" — deyir qadın.

V. Nuriyeva balaca Xədicənin onun nəvəsi olduğuna əmindir və tezliklə ona qovuşacağı günü gözləyir: "O, mənim nəvəmdir! Yəqin ki, analiz edəcəklər. Kaş ki, mənim nəvəm olaydı, balamdan bir yadigar qalaydı…"

Xəbər lenti
0