BAKI, 13 oktyabr — Sputnik. Nərimanov rayon Polis İdarəsi qeyri-adi oğurluq faktının üstünü açıb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xdməti məlumat verib.
Sentyabrın 6-da "102" xidmətinə telefon zəngi daxil olub. Bildirilib ki, Nərimanov rayonunda naməlum şəxs başqa adama məxsus bank hesabından pul çəkib. Zərərçəkmiş qadın bildirib ki, bankomatdan onun şəxsi hesabındakı 2 938 manat pul çəkilib.
Araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsin izinə düşüblər və onu saxlayıblar. Məlum olub ki, bu şəxs Bakı şəhər sakini Hüseyn Muradovdur. O, günahını etiraf edib.
Məlum olub ki, qonşular evdə olmayanda, Muradov açar seçmə yolu ilə qapını açaraq mənzilə daxil olub. Oradan qızıl-zinət əşyalarını və bank kartlarını götürüb.
Muradov pulları kartdan çıxarandan sonra yenidən qonşunun evinə girib və kartları götürdüyü yerə qoyub. Bu səbəbdən də zərərçəkmiş əvvəlcə pulun kartdan çıxarıldığını başa düşməyib.
Qeyd edək ki, oktyabr ayı başlayandan Bakı şəhərində şəxsi və dövlət mülkiyyətinin oğurlanmasına dair 400 hal qeydə alınıb.