Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bu gün ancaq Qəbələdə bişirilən, unudulmuş və qeyri-adiliyi ilə seçilən halva haqqında danışacağıq.
Qəbələdə hazırlanan müxtəlif desert növləri, o cümlədən halva növləri insanlar tərəfindən çox sevilir. Qəbələnin Həmzəlli kəndinə məxsus bir neçə halva var ki, onları başqa yerdə hazırlamırlar. Məsələn, Həmzəllinin qoz halvası, küncüd halvası və bu gün sizə təqdim edəcəyimiz peşvəng halvası.
Bu halva müəyyən zamanlarda bir çox adlarla hazırlansa da, əsl adı peşvəngdir. Halvanın hazırlanması üçün suya şəkər tozu, limon duzu tökülür və qaynamağa qoyulur. Hazırlanma prosesi təqribən 2,5 saat vaxt aparır. Halva hazırlanan zaman ancaq taxta qaşıqdan istifadə edilir. Buna səbəb isə metalın şirniyyatın dadını dəyişməsidir. Mət hazır olduqdan sonra içərisində un olan tavaya tökülür.
Hazırlanmış şəkər qarışığı unla o qədər qarışdırılır ki, halqa şəkilinə düşür və tellər əmələ gəlir. Bir halvanın hazırlanması zamanı təqribən 64-128 min tel alınır. Həmin tellərin çox və ya az olması hazırlanmış halvanın həm dadına, həmdə durumuna təsir göstərir. Bu halvanın hazırlanması böyük ustalıq, səbir tələb edir və əziyyəti də çoxdur. Böyük zövq və ustalıqla hazırlanmış bu halvadan hər kəsə dadmağı arzulayırıq. Əminik ki, dadından doya bilməyəcəksiniz.