BAKI, 11 oktyabr — Sputnik. "2017-ci il ərzində Basketbol üzrə Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan çempionatının zona və final oyunları, Azərbaycan birinciliyinin zona və final oyunları keçirilib. 3 yaş qrupu üzrə (16-18 yaş) Avropa birinciliyinə komandalar tam heyətlə ezam olunub".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Azərbaycan Basketbol Federasiyasının (ABF) ittihamlarını cavablandırarkən belə deyib.
Onun sözlərinə görə, 18 yaşlı oğlanlar 2 dəfə Gürcüstanın açıq çempionatına ezam olunub.
"Yığma komanda (kişilər) Bişkekə 2 dəfə beynəlxalq turnirə ezam olunub. 20 yaşlı oğlanlar Gürcüstanın Tiflis şəhərinə təlim məşq və yoldaşlıq görüşünə ezam olunub. 3x3 basketbol Daşkəndə ezam olunub.
Yeniyetmələrin 1 ci respublika oyunları çərçivəsində oğlanlar arasında Şəmkir, Qax və Oğuzda zona və final yarışları keçirilib. Ümumilikdə 300.000 manata yaxın maliyyə xərclənib. Çempionatlarında icarə haqları və mükafatlar nazirlik tərəfindən ödənilib".
Qeyd edək ki, ABF-in ciddi problemlərlə üz-üzə qalması barədə məlumat yayılıb. Bildirilib ki, keçmiş Dövlət Əmlak Komitəsinin sabiq sədri Nadir Nəsibovun rəhbəri olduğu qurum fəaliyyətini dayandıra bilər.
İddialara görə, basketbol millisinin məşq keçə bilməsi üçün şərait yoxdur və idmançılar maaş ala bilmir.
ABF-nin vitse-prezidenti Azər Qədirov unikal.org-a açıqlamasında maddi durumlarının yaxşı olmadığını qeyd edib:
"Federasiya nazirlik deyil, fabrik və ya zavod deyil. Nə maaş? Bizim nə pulumuz var, nə də sponsorlarımız. Zallarımızın hamısını söküblər. Birini söküb yerində asfalt çəkdilər. Son iki zalımız vardı, onu da əlimizdən aldılar. Tofiq Bəhramovdakı zalımızı da bizdən aldılar. Məşq keçməyə zallarımız yoxdur.
Zallar məktəblər daxilində var. Orada da basketbol oynamaq əlverişli deyil. Avropa Oyunlarınında basketbol yarışlarını Sərhədçi İdman Olimpiya Mərkəzində keçirdik. Ora da bizim deyil. "Gənclik"də Olimpiya Zalını bizə vermişdilər onu da aldılar".
Federasiyanın vitse-prezidenti zalların nazirlik tərəfindən əllərindən alındığını da bildirib:
"Kim alıb? Təbii ki, hamı Gənclər Və İdman Nazirliyinə baxır. Onlar edir. Federasiyanın nəyi var? Biz 5-6 nəfər güclə burada işləyirik. Pulları Nadir müəllim verir, gücü çatan qədər…
Nə milli komandamız var, nə də zalımız. Kişilərdən ibarət yığma komandanı bağlamışıq. Son vaxtlar "3x3"ə oynaya bilirdilər. İslam Oyunlarında legionerlərin də köməkliyi ilə 1-ci yer tuta bildik. İndi nə məşq edə bilirik, nə də respublika çempionatı keçirə bilirik".