İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 9 oktyabr — Sputnik. Bir neçə gün aramsız yağan yağışlardan sonra Abşeronda bir sıra obyektlər, o cümlədən "Bank Standart"ın onlarla avtomobilinin saxlandığı meydança su altında qaldı. Bəs su altında qalmış, içinə su dolmuş avtomobillər yenidən istifadə edilə bilərmi? Belə avtomobillərin təmir xərci nə qədərdir? Müştəri avtomobil alarkən bunu necə hiss edə bilər? Bu kimi suallara cavab tapmaq üçün avtomobil ustalarına üz tutduq.
Avtomobil ustası Ramin Kazımovun sözlərinə görə, avtomobil su altında qalıbsa, onu işə salmaq olmaz: "Çünki bu zaman mühərrik dağıla, sıradan çıxa bilər. Gözləmək lazımdır ki, su çəkilsin. Daha sonra evakuatorla ustaya gətirilməlidir. Bu zaman hansı hissələrin sıradan çıxdığı məlum olur".
Usta bildirir ki, avtomobilin suda 1-2 gün qalması dəmirə, boyaya bir o qədər də zərər vurmur: "Sudan daha çox avtomobilin mühərriki zərər görür. Usta mühərrikə baxdıqdan sonra oturacaqlar çıxarılır və kimyəvi təmizləməyə verilir".
"Avtomobilin daxilini də kimyəvi təmizləməyə vermək mümkündür. Düzdür, bu avtomobil artıq yeni olmayacaq. Amma suda batmış avtomobili də yenidən istifadə etmək mümkündür" — deyə Kazımovun sözlərinə görə, suda batmış avtomobilə mühərrik ustası, elektrik, qaynaqçı baxdıqdan sonra təmizliyə verilir.
O, əlavə edir ki, suda batmış avtomobilin 2-3 min manat təmir xərci olur: "Əgər avtomobil yenidən satışa verilirsə, bunu hər sürücü hiss edə bilmir. Əslində isə suda batmış avtomobilin mühərriki açıldığı üçün, normalda qiymətindən xeyli ucuz satılmalıdır".
"Belə avtomobilləri iki həftəyə təmir edib, yeni kimi satmaq mümkündür. İndi havalar soyuyub, boya gec quruyur. Yay olsa, belə avtomobili bir həftəyə təmir etmək mümkündür" — usta vurğulayır.
Avtomobil mühərriki ustası Malik Biqay da deyir ki, avtomobil su altında qalıbsa, içinə su giribsə, onu sudan çıxarıb istifadə etmək olmaz: "Mühərrikin hava filtri var. Bu filtr mühərrikə oksigen daxil olması üçün nəzərdə tutulub".
Onun sözlərinə görə, əgər mühərrikə hava yerinə su daxil olubsa, su porşenlərin üzərinə tökülər və bu da yandırıcı təsir göstərər: "Buna görə də avtomobilin mühərrikinə su keçdiyi zaman mühərrik deformasiyaya uğrayar".
Biqay bildirir ki, suda batmış və ya su dolmuş avtomobilin yenidən istifadə edilməsi üçün mühərriki açılmalı, təmizlənməli, qurudulmalı və lazım gələrsə təmir edilməlidir: "Mühərrikdən, ötürücüdən su daxil olarsa, açılır, yağı dəyişir, suyu təmizlənir və bağlanar. Yalnız bundan sonra avtomobilin mühərrik hissəsi istifadəyə yararlı ola bilər".
Ustanın fikrincə suda batmış avtomobili də yenidən istifadə etmək mümkündür: "Amma belə avtomobil hətta sürülməyibsə də, təzə adlana bilməz. Satış zamanı alıcı bunu bilməsə də, usta bir qədər diqqətli olduqda, bunu müəyyən edə bilir".
"Alıcı bunu heç vaxt anlaya bilməz. Bunu ancaq usta müəyyən edə bilər. O da ki, gərək çox diqqətli olsun. Amma hər bir alıcı bilməlidir ki, əgər avtomobilin mühərrikinə su daxil olubsa, mühərrik açılıbsa, o yeni deyil. İstənilən an sıradan çıxa bilər. Avtomobil alarkən diqqətli olmaq lazımdır" — mütəxəssis vurğulayır.