İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 9 oktyabr — Sputnik. Nazirlər Kabineti ötən ilin fevralında 86 saylı qərar qəbul etdikdən sonra, paytaxtda söküntü-tikinti prosesləri sürətlənib. Demək olar ki, hazırda şəhərin bütün rayonlarında söküntü-tikinti işləri aparılır. Bu da öz növbəsində əhali arasında müəyyən narazılıqların yaranmasına səbəb olur. Kimi verilən kompensasiya ilə razılaşmır, kimi mənzilinin sahəsindən daha çox sahə istəyir.
Tikinti eksperti Elnur Fərzəliyevin sözlərinə görə, Bakı şəhərinin hər bir yaşayış ərazisinin özünə uyğun bazar qiymətləri var. Belə ki, Yasamal rayonunda qeyri-yaşayış obyektlərinə yararlı torpaqların 1 sotu təxmini 50-100 min manat arası, yaşayışa yararlı torpaq sahələrinin 1 sotu təxminən 15-30 min manat arası, Nərimanov rayonunda qeyri-yaşayış obyektlərinə yararlı torpaqların 1 sotu təxmini 100-300 min manat, Badamdar qəsəbəsində 8-40 min manat arası dəyişir.
Ekspert Sputnik Azərbaycan-a danışır ki, Bakı şəhərində yeni tikilmiş yaşayış binalarında qiymətlər 1 kv metr üçün 700 manatdan 5000 manata qədər dəyişir: "Sovet dövründə tikilmiş köhnə binalardasa yaşayış evlərinin 1 kv metri, əraziyə görə 1200-2000 manat arası dəyişilir. Həmin ərazi üzrə müəyyənləşdirilmiş bazar qiymətləri əmlak satarkən müəyyən olunmuş vergi ödəməsində də tətbiq olunur".
"Məsələn, Bakı şəhəri əmlak vergisinə görə 12 zonaya bölünüb. Hər kv metr üçün 15 manat hesablanıb və bölünmüş zonaya görə qiymətləndirilir. 1-ci zona 4-ə vurulur. Məsələn, 15-i 4-ə vururlar və 1-ci zonada yaşayış sahəsinin satışına görə hər kv metr üçün 60 manat vergi pulu ödənilir. 1-ci zona 4; 2-ci zona 3; 3-4-cü zona 2,2; 5-6-cı zona 1,8; 7-8-9-cu zona 1,5; 10-11-12-ci zona 1,2. Hər zona üçün ayrılmış ədədlər 15 manata vurularaq satış zamanı vergi tətbiq olunur və alqı-satqı zamanı satıcı tərəfindən notarial qaydada ödənilir" — mütəxəssis bildirir.
Fərzəliyev deyir ki, ancaq mənzillər sökülən zaman bazar qiymətləri nəzərə alınmır və sökülən mənzillərin hər kv metri dövlətin tətbiq etdiyi qiymətlərlə hesablanır: "Dövlətin apardığı söküntü zamanı yaşayış sahələri üçün hər kv metrə görə 1500 manat, qeyri-yaşayış sahələri üçünsə 1 kv metrə görə 1000 manat hesablanıb".
Azərbaycanda söküntülər müxtəlif formalarda baş verir. Dövlət əhəmiyyətli söküntülər zamanı sökülən ərazidə dövlət əhəmiyyətli işlər aparılarsa, həmin ərazinin söküntüsü və sakinlərin həmin ərazilərdən köçürülməsi məcburi sayılır. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi hallarında həmin ərazilərdə yaşayan sakinlərin başqa ərazilərə köçürülməsi və yaxud dövlətin tətbiq etdiyi kompensasiyaların sakinlər tərəfindən qəbul edilərək, köçməsi məcburidir. Digər söküntü halları isə Bakı şəhərinin müəyyən olunmuş rayonlarında Nazirlər Kabinetinin qərarı ilə sosial iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı olaraq aparılır.
Ekspert bildirir ki, həmin qərara görə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş binalar sökülməli və yenidən qurulmalıdır: "Bu cür hallarda həmin ərazilər sökülərək, yerində yeni binalar inşa edilir və ərazidə yaşayan sakinlər tikilmiş yeni binalardakı mənzillərlə təmin edilir. Pilot layihələrlə inşa olunmuş binaların tikintisi dövlət tərəfindən aparıldığına görə, həmin binalar tikilib təhvil verilən zaman qaz, su, işıq, mərkəzi istilik sistemi və çıxarışla təmin olunur. Əlavə olaraq hər bir mənzil üçün ümumi sahəsindən 20 faiz artıq yaşayış sahəsi dövlət tərəfindən sakinlərə verilir".
Şəhərin bəzi ərazilərində olan gecəqondu tipli evlərin taleyi isə müəmmalıdır. Fərzəliyev deyir ki, şəhərin bəzi gecəqondu adlandırılan yaşayış ərazilərində yaşayış evləri tikmək ümumiyyətlə qanunla qadağan olunub: "Bu cür ərazilər "qırmızı xətti" keçmiş ərazilər sayılır. Yəni, neft quyuları olan, neft çıxan ərazilər, dəmir yolu xətlərinə yaxın ərazilərdə tikilmiş tikililər, elektrik qaz və sair iri kommunikasiya xətləri keçən ərazilərdə və sair bu tip dövlət əhəmiyyətli ərazilərdə tikinti işləri aparmaq qanunla qadağan olunub".
"Həmin ərazilər dövlət əhəmiyyətli ərazilər olduğuna görə, müəyyən olunmuş sərhədi keçən tikililərin dövlət tərəfindən sökülməsi qanunidir. Lakin dövlətimizin humanistliyi bu sahədə də özünü göstərir. Həmin ərazilərdəki tikintilər sənədsiz və icazəsiz olmasına baxmayaraq, ərazidəki sakinlərin evləri sökülən zaman, həmin sakinlərə dövlət tərəfindən kompensasiyalar verilir və yaxud evlə təmin olunurlar" — o, əlavə edir.