BAKI, 8 oktyabr — Sputnik. Azərbaycanlı aktyor Riad Sultanov boyunun balaca — 1,34 metr olmasına baxmayaraq, öz istedadı ilə zirvələri fəth edib və fəth etməkdə də davam edir. Adamlar onu küçədə görəndə elə bilirlər, o, məşhur "Fort Boyard" şousundakı Paspartu, yaxud da "Taxtların oyunu" serialındakı Tiriondur. Amma həmvətənimiz özü də sözügedən həmkarları kimi bütün dünyada məşhur olmaq istəyir. Sultanov uğurları, uğursuzluqları və yeni planları barədə Sputnik Azərbaycan-a verdiyi müsahibədə ətraflı danışıb.
– Riad, siz necə aktyor olduz?
– Hər şey uşaqlıqdan başladı. Mən ailənin sevimlisi idim. Sovet dövründə qışda evlərdə tez-tez işıqları söndürürdülər. Axşamları rəngarəng etmək və evdəkiləri güldürmək üçün dayıları, xalaları, qardaşları və qonşuları parodiya edirdim. Anam həmişə deyirdi ki, "sən artistsən". Belə də oldu və mən öz seçimimdən zərrə qədər də peşman deyiləm.
– Siz aktyorluğu kimdən öyrənmisiz?
– Mən öz-özümə öyrənmişəm. Əgər müəllimim olsaydı, bir ömür ona minnətdar olardım. Elə adamlar var ki, onlar öz keçmişlərini, onlara çörək verən insanları unudurlar. Mən elə deyiləm və ona görə də yalnız səmimi insanları sevirəm. Hər şeyi özüm öyrənmişəm. Bunun üçün öz üzərimdə işləmişəm, oxumuşam. Dəfələrlə "Taxtların oyunu" serialında Tirionu oynayan Piter Dinkleycin müsahibələrinə müraciət etmişəm. Həmin aktyor buna qədər bir çox filmlərdə çəkilib, amma məhz bu rol onu bütün dünyada məşhurlaşdırıb. Məni çox tez-tez onunla müqayisə edirlər. Bəzən Azərbaycanda müxtəlif tədbirlərdə, tamaşalarda onun obrazını yenidən yaradıram. Həmişə fikirləşirəm ki, əgər o bacarıbsa, mən də bacara bilərəm. İlk dəfə film çəkilişlərinə dəvət etdiklərində, mənə elə gəlirdi ki, kamera qarşısında çəkilə bilmərəm. Mənimlə birlikdə peşəkar aktyorlar da olurdu və düşünürdüm ki, təcrübəsizliyim dərhal nəzərə çarpacaq. Amma çəkilişdən sonra layihənin rəhbəri etiraf etdi ki, "əgər başqa aktyorlarla bir kadr 15 dubldan sonra alınırsa, Riada 5 dubl kifayət edir".
– Siz kimin diqqətini cəlb etmisiz və sizi kinoya çəkilməyə kim dəvət edib?
– Əvvəllər saçım qısa idi və mən "Fort Boyard" şousunun aktyoruna çox oxşayırdım. Evdən çıxan kimi dərhal çoxsaylı insanlar ətrafıma toplaşırdı və hamı deyirdi: "Paspartuya baxın!". Onlar demirdilər ki, mən ona oxşayıram, düşünürdülər ki, mən elə Paspartunun özüyəm. Hamı gəlib mənimlə şəkil çəkdirirdi. Bir çox valideynlər məni Paspartu sifətilə öz uşaqlarının ad gününə, tədbirlərə çağırırdılar. Beləliklə, hamı məndən xəbər tutdu. ATV telekanalından zəng edərək "Otel X" yeni il komediyasında baş rola çəkilməyə dəvət etdilər.
Bu yaxınlarda Azərbaycan-Türkiyə birgə istehsalı olan filmin çəkilişlərinə başlanacaq. Məni də dəvət ediblər, amma rolum barədə heç nə bilmirəm. Rus dili bilgilərimə güvənərək Azərbaycandan Moskvaya getmək və fəaliyyətimi orada davam etdirmək istəyirəm. Mən bunu daha çox pul qazanmaq, tanışlar dairəmi genişləndirmək və özümü vətəndən kənarda da sınamaq üçün etmək istəyirəm.
– Siz Moskvada necə məşhurlaşmaq istəyirsiz?
– Mən özümə və imkanlarıma inanıram. Orada mənə kömək edəcək adamlar var. Həyatda əsas şey məqsədin olmasıdır və həmişə yaxşı şeylər barədə düşünməyə çalışmaq lazımdır. Adam öz ölkəsində nələrsə etməyə çalışanda, təəssüf ki, ona heç kəs qiymət vermir. Nəticədə adam öz doğma ölkəsini tərk edərək uzaqlara – tamamilə yad adamların ona kömək edəcəyi yerə gedir və orada məqsədinə nail olur. Yalnız bundan sonra Azərbaycan KİV-ləri yazmağa başlayırlar ki, bu, bizim həmyerlimizdir. Hətta heç xatırlatmırlar ki, o, vaxtilə Azərbaycanda olmuşdu və heç kəs ona kömək əlini uzatmadı.
Demək istəyirəm ki, ola bilsin, kimsə müsahibəmi oxuyub mənimlə razılaşacaq və istedadı qiymətləndirməyə başlayacaq. Mənə hazırda məqsədlərimə çatmaq üçün azacıq təkan lazımdır. Bu günə qədər hər şeyi özüm etmişəm, amma dəstək həmişə lazımdır.
– Riad, sizin nə vaxtsa kompleksləriniz olub?
– Heç vaxt. Kompleksə girəndə elə bilirəm mənə sakitləşdirici köynək geyindiriblər. Mən beş ay yarımlıq olanda danışmağa başlamışam. Anam pedaqoq idi və anadan olandan mənimlə məşğul olub. Məktəbə gedəndə mən artıq nəinki 1-ci sinfin, 2-ci sinfin də proqramını bilmişəm. Valideynlərim boy cəhətdən başqalarından geri qalmağımla barışmayaraq məni Kurqan şəhərinə — Yelizarovun klinikasına aparıblar. Orada mənim ətraflarıma müxtəlif aparatlar yerləşdiriblər. Onların köməyi ilə insanın boyu bir az artır. Məni hər il ora aparırdılar. Valideynlərim danışırlar ki, yolda həmişə müxtəlif adamlarla ağıllı söhbətlər edirdim. Hamı deyirdi ki, "o, gələcəkdə məşhur adam olacaq". Məqsədim odur ki, prodüserlərim, köməkçilərim olsun. Sadəcə istəyirəm ki, valideynlərim mənimlə qürur duysunlar, baxmayaraq ki, onlar artıq həyatda yoxdurlar. Oğlum, hansı ki, indi o da həyatda yoxdur, məni işə yola salanda həmişə deyirdi ki, "ata, əmanət" (Allaha əmanət). İstəyirəm ki, uğurlar həmişə məni müşayiət eləsin.
– Siz də hazırda ƏSA teatrının aktyorusuz?
– Bəli. Hər gün çox sayda insan sosial şəbəkələrdə mənə dostluq göndərir. Amma mən onları qəbul etmirəm. Ona görə yox ki, xoşuma gəlmirlər, ona görə ki, onların şəkillərindəki qeyri-ciddiliyi hiss edirəm. Bilmirəm, Nihad Qulamzadə kimdir, amma nədənsə qərar gəldim ki, onu dostluğuma əlavə edim. O, bir dəfə mənə yazaraq teatra dəvət etdi. Dedi ki, hazırda onlar yeni tamaşa üzərində işləyirlər. Ata və oğul rollarını təklif etdilər və mən razılaşdım. Tezliklə məşqlər başlayacaq.
– Riad, danışın görək, həyat yoldaşınızın ürəyini necə fəth etmisiz?
– Mən təminatlı ailədə böyümüşəm və heç vaxt heç nədən korluq çəkməmişəm. Atam hüquqşünas olub və həmişə ehtiyacı olanlara yardım edib. Anam həmişə onu danlayırdı ki, öz oğluna kömək etsin. Atam hesab edirdi ki, əgər qarnım toxdursa və geyinməyə paltarım varsa, mənə başqa heç nə lazım deyil. Lakin o, mənim gələcəyim haqqında düşünmürdü. Pensiya alırdım, lakin hüquqşünaslar deyirdilər ki, mənə iş də verməlidirlər. Mən düşündüm və istədiyimi lazımi instansiyalara savadlı şəkildə çatdıra biləcək insana müraciət elədim. Və məni gələcək həyat yoldaşım Ülkərə yönəltdilər. O, mənə qulaq asdı və telefonlarımızı bir-birimizə verdik. Beləliklə, görüşməyə başladıq. Tədricən dostlaşdıq. Mən həmin vaxt onu sevməyə başladım, amma hisslərimi içimdə dəfn etmək istədim. O, mənə sevindirici xəbəri verəndə ki, müraciətim hazırdır, cəsarətimi toplayıb ona olan sevgimi etiraf etdim. O, utandı və mənə qarşılıqlı cavab verdi. Biz evlənmək qərarına gəldik. Hər ikimizin valideynləri yox idi və biz hər şeyi özümüz etdik. Yoldaşım mənim dayağımdır.