BAKI, 5 oktyabr — Sputnik. Son günlər yağan intensiv yağışlar nəticəsində, Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. Eyni zamanda, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artıb.
Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərə xilasetmə işlərini davam etdirir.
4-5 oktyabr gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə rayonlarında müxtəlif ünvanlarda köməksiz vəziyyətdə qalmış 367 nəfəri təhlükəsiz yerlərə təxliyə edilib. Xilasetmə işləri barədə əlavə məlumat veriləcək.