BAKI, 4 oktyabr — Sputnik. Ötən gün Suraxanı rayonunda sentyabrın 5-də Azərsu ASC-nin Hövsan Aerasiya Stansiyasının kollektorunda tapılmış, hissələrə parçalanmış meyitin sahibinə məxsus sağ ayaq tapılıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Beləliklə, odlu silahla öldürülmüş şəxsin bədəninin bütün hissələri əldə edilib. Eyni zamanda qətlə yetirilmiş şəxsin bədəninin qalıqlarının əvvəl yerləşdirildiyi polietilen torba da tapılıb. Son günlər Bakıya yağan bol miqdarda yağıntılar səbəbindən kollektorlardakı çöküntülərlə birlikdə öldürülmüş kişinin cəsədinin digər hissələri də üzə çıxıb.
Sputnik Azərbaycan-ın daha əvvəl də bildirdiyinə görə, sözügedən şəxs "Makarov" tipli tapança ilə öldürülüb. Onun bədənində bir neçə güllə yarası aşkarlanıb. Ona yaxın məsafədən atəş açılıb. Ehtimala görə adam öldürüldükdən sonra hissələrə parçalanaraq kollektorun lyukuna atılıb. Bununla da onu öldürmüş şəxs və ya şəxslər cəsəddən xilas olmağa çalışıblar.
Qeyd edək ki, mütəxəssislər həmin şəxsin əlinin dörd barmağının (baş barmaq istisna olmaqla) papillyar nümunələrini bərpa edə və barmaq izlərini götürə biliblər. Lakin barmaq izlərindən götürülmüş nümunələrin məlumat bazasındakı nümunələrlə tutuşdurulması heç bir nəticə verməyib.
Bu günlərdə qətlə yetirilmiş adamın şəxsiyyətinin müəyyən edilməsinə ümidlər artmışdı. Bakı şəhər sakini polisə müraciət edərək yaxın qohumunun itkin düşdüyünü xəbər vermişdi. Lakin DNK analizi fərqli nəticə göstərmişdi. Şəxsiyyətinin müəyyənləşdirilməsini çətinləşdirmək üçün qatil öz qurbanının qaşlarını, kirpiklərini və başının tükünü qırxıb.