BAKI, 3 oktyabr — Sputnik. Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları, respublikanın xalq artistləri Ramiz Məlik və Məleykə Əsədova bu dəfə gündəmə yeni tamaşaları ilə deyil, tamam başqa mövzuda olan qalmaqalla gündəmə gəliblər. Bu qalmaqala səbəb Ramiz Məlikin kolleqasını geyiminə görə tənqid etməsi olub. Məlikin fikrincə, xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də mini-şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.
Sputnik Azərbaycan hər iki xalq artistinə müraciət edərək bu münaqişənin nə ilə nəticələnəyi ilə maraqlanıb.
Ramiz Məlik deyib ki, o, yaşlı nəslin nümayəndəsi olaraq özlərini müxtəlif qısa şortiklərdə reklam edən kolleqalarının səhvlərini göstərmək hüququna malikdir. Lakin onun sözü aktrisanın ürəyincə olmayıbsa, onda ondan üzr istəyir.
Məleykə Əsədova isə öz növbəsində etiraf edib ki, hələ də özünə gələ bilmir və başa düşmür ki, kolleqaları ondan nə istəyir. "Mən həmişə onlara hörmətlə yanaşmışam, baxmayaraq ki, mənim uğurlarıma sevinməyiblər" — deyən aktrisanın sözlərinə görə, 6-7 oktyabr tarixlərində Azdramanın səhnəsində onun yeni tamaşasının premyerası olacaq. Bu tamaşada o, baş rolu oynayacaq. Hər dəfə o, yeni tamaşaya hazırlaşanda həmkarları onun əhval-ruhiyyəsini korlamaq üçün nə mümkündürsə, edirlər.
"Ramiz müəllimin məni yerli KİV-də tənqid etməsi mənim üçün böyük şok oldu. Çünki o, bir gün əvvəl teatrda mənimlə salamlaşaraq premyerada uğurlar arzulayıb. Əgər nəsə demək istəyirsənsə, mənim üzümə de, arxamca danışma, axı sən kişisən" — deyə Əsədova bildirib.
Aktrisa hesab edir ki, aktyor yaşlı vaxtında hamı ilə dalaşmaqla, çirkab atmaqla, özünün uzun illər gizlətdiyi ayıblarını ört-basdır etmək istəyir. "O, hələ də başa düşmür ki, insan necə uzun illər biryerdə işlədiyi, birlikdə səhnəyə çıxdığı həmkarını bu şəkildə tənqid edə bilər" — deyə Əsədova bildirib.
Əsədova öz geyimində qəbahət görmədiyini də deyib: "Başa düşmürəm, mənim şortikimdə nə var. Mən xoşuma nə gəlirsə, onu geyinirəm və heç kəsdən də icazə almaq zorunda deyiləm. Bədənimin ölçüləri, boyum mənə hər şeyi geyinməyə imkan verir. Mənim şəkillərimi müzakirə etməkdənsə, qoy öz ailəsi ilə məşğul olsun."
Aktrisa deyib ki, kolleqalarının məsləhətinə ehtiyacı yoxdur və sadəcə, onu unudaraq öz işləri ilə məşğul olsunlar.
Xalq artisti üzr istəyən həmkarını bağışlamaq niyyətində deyil: "O, mənim rəhmətlik valideynlərimi təhqir edib".
Ramiz Məlik geyiminə bildirdiyi iraddan sonra onun ailəsinə zəng edib narazılığını bildirən Əsədova haqqında bu dəfə daha kəskin ifadələr işlədib: "Mamedi bir günlük gətirib özünə toy etdin. Fahişə elə fahişədir. Səni bütün Azərbaycan tanıyır. Mən nə etmişəm ki? Sadəcə bir ağsaqqal kimi məsləhət gördüm ki, şortikdə şəklini paylaşma. Tərbiyəsiz sənsən 6 yaşın olanda atan ananı fahişəliyinə görə atıb getdi. Adamın nə qədər sponsoru olar?"
Məlik bu gün Məleykə Əsədovadan onun ünvanına işlətdiyi sözləyə görə, üzr istəyib.
"Mən istəyirəm ki, bu söz-söhbətə birdəfəlik son qoyam. Son zamanlar əsəbi olmağım bəzi problemlərə səbəb olur. Xalq artisti Məleykə Əsədova ilə aramızda baş verən məlum hadisəyə görə çox təəssüf edirəm. Əsəbi olmuşam, dediklərim həqiqəti əks etdirmir. Məleykə Əsədova ilə bir neçə tamaşada tərəf müqabili olmuşam, illər boyu bir-birimizə hörmət etmişik. Onun haqqında statusu təhqir etmək üçün yazmamışdım. Sadəcə, anlaşılmazlıq olub. Məsələnin bu dərəcəyə gəlib çıxmasını düşünməzdim. Mən ona yaradıcılığında yeni uğurlar arzu edirəm. Məleykə, biz səninlə neçə illərin dostu olmuşuq. Anlaşılmazlıq olduğuna görə, bir-birimizi başa düşməmişik. Mən böyük kimi səndən üzr istəməyi özümə borc bilirəm" — deyə Məlik APA-ya verdiyi açıqlamada bildirib.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov da sözügedən xalq artistləri arasında baş verənlərə münasibət bildirib. O, bu hala təəəssüfləndiyini, baş verənlərin xoşagəlməz hal olduğunu qeyd edib.
Teatrın rəhbəri bu haqda tənqidi fikir və mövqeyini Ramiz Məlikə bildirdiyini deyib. "Baş verənlər sadəcə, anlaşılmazlıqdır, onlar bir-birini başa düşməyiblər. Ramiz Məlik Məleykə Əsədovadan üzr istəyib və bildirib ki, bu söhbətə son qoyulmasını istəyir. İnanıram ki, Məleykə Əsədova da onu anlayışla qarşılayacaq, üzrünü qəbul edəcək" — deyə Nemətov bildirib.
"Bizim teatr bir ailədir, ona görə də bu ailədə baş verənlərin kənara çıxmasını arzu etmirəm. Çünki hər ikisi bacarıqlı sənətkar kimi insanların rəğbətini, sevgisini qazanıb. Fəxri ad alan, seçilən insanlar davranışı ilə nümunə olmalıdırlar. Məleykə xanım mənə doğma və əziz adamdır. Ümumiyyətlə, mən aktyorları çox sevirəm. Çünki onlar ən çətin peşə sahibidirlər, fədakar işlə məşğuldurlar. Bu mənada rəhbəri olduğum teatrın hər bir üzvü mənə əzizdir. Ramiz Məliki məktəb illərindən, Məleykə Əsədovanı isə Gənclər Teatrından tanıyıram. Məleykə xanım bu illər ərzində öz peşəsinə ləyaqətlə xidmət edib. Biz onunla yeni "Cəhənnəm sakinləri" tamaşasının premyerasına hazırlaşırıq. O, rolunun öhdəsindən peşəkarlıqla, bacarıqla gəlib və inanıram ki, tamaşaçılar onu növbəti uğuru münasibəti ilə təbrik edəcək, sevinəcəklər. İnanıram ki, gələcəkdə bu cür xoşagəlməz hallar olmayacaq, onlar öz rolları ilə pərəstişkarlarını sevindirəcəklər." — deyə teatrın rəhbəri əlavə edib.