Bakıda xarici qaçqınlar üçün Azərbaycan dili kursu açılıb. Kursun təşəbbüskarı və təşkilatçısı Azərbaycan Qızıl Aypara Cəmiyyətidir (AQAC).
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Qaçqınlar, qadınlar və gənclər Mərkəzi həftədə iki dəfə öz ofisində dərslərin keçirilməsinə şərait yaradır. Qalan vaxtlarda isə məşğələlər AQAC-ın ofisində keçiriləcək.
Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Qaçqınlar, qadınlar və gənclər Mərkəzi artıq beş ildir ki, Bakıda pulsuz Azərbaycan dili dərsləri təşkil edir.
Həftənin ikinci günü bura Pakistan, Əfqanıstan və Suriyadan olan qaçqınlar toplaşıb. Dərslərin təşkilatçıları şagirdləri salamlayaraq keçən ilki kursu (9 aylıq) bitirənləri sertifikatlarla təltif ediblər.
AR Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanovun sözlərinə görə, bu kurslar ona görə təşkil olunur ki, qaçqınlar Azərbaycan cəmiyyətinə inteqrasiya olsunlar, özlərini yad hiss etməsinlər və ən əsası işləyə və öz ailələrini dolandıra bilsinlər.
Qeyd edək ki, kursların açılışında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov da iştirak edib. O qeyd edib ki, Azərbaycanda daim böyük həcmdə qaçqınlar olur və onların da əksəriyyəti Asiya ölkələrindəndir.
"Onlar Azərbaycan dilində danışa bilmirlər. Lakin, cəmiyyətə daha yaxşı inteqrasiya etmək üçün, onlar bu dildə ən azı öz köçlərini sudan çıxarmağı bacarmalıdırlar. Eyni zamanda onların ailələrində uşaqlar böyüyür və onlar məktəbə getməlidirlər. Bu səbəbdən də onların Azərbaycan dilində elementar bilgilərə sahib olmaları vacibdir. Digər tərəfdən, dil bilgisi sayəsində azərbaycanlılarla qaçqınlar arasında mədəni mübadilə baş verir" – deyə o, bildirib.
Avqust ayı ərzində Azərbaycanda 500-dən çox Əfqanıstan vətəndaşına BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) tərəfindən qaçqın statusu verilib. Bu şəxslər Əfqanıstandakı taliban rejimindən qaçanlardır. Avqust ayında burada 564 əfqan qeydiyyata düşüb. Daha 132 əfqan isə Azərbaycana sığınacaq üçün müraciət edib və hazırda onların işinə baxılır. Qeyri-rəsmi rəqəmlərə görə isə ölkəmizdə əfqan qaçqınların sayı mindən artıqdır.
Son illər ölkəmizdə çeçen qaçqınlar say etibarilə birinci yerdə olsalar da, hazırda bu yeri əfqanlar tutur. Onlar Azərbaycandakı qaçqınların ümumi sayının 50%-ni təşkil edirlər.
Rusiyadan olan qaçqınların (çeçenlər) sayı 429 nəfərdir. BMT QAK 52 nəfər İran, 16 Pakistan, 14 Suriya, 3 Türkiyə və 28 digər ölkə vətəndaşına Azərbaycanda qaçqın statusu verib.
Sığınacaq üçün hazırda ölkəmizə daha 28 Rusiya, 9 İran, 10 Pakistan, 6 Suriya və 26 digər ölkə vətəndaşı müraciət edib.