İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 30 sentyabr — Sputnik. Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyevanın sentyabrın 28-də bir-birinin ardınca verdiyi iki açıqlama ciddi narahatlıqlara səbəb olub. Ali məktəblərə qəbulda edilən dəyişiklilərin şokundan ayılmayan valideynlər, indi də məktəb sisteminin dəyişdirilməsi ilə üz-üzə qalacaqlarından əndişə keçirirlər.
Xatırladaq ki, Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva yerli KİV-ə açıqlamasında Azərbaycanda məktəblərin özünümaliyyələşdirmə sisteminə keçəcəyini bildirib. Onun sözlərinə görə, bu barədə təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub: "Məktəbin idarə olunmasında maliyyənin böyük rolu var. Burada söhbət çoxsaylı uşaqların təhsilə cəlb olunması və təhsil ehtiyaclarının ödənilməsindən gedir. Maliyyənin rolunu qeyd etməmək olmaz. Biz hazırda məktəblərdə özünümaliyyələşdirməyə keçməmişik. Lakin bu iş 2020-ci ilə qədər bitməlidir".
M.Vəliyeva qeyd edib ki, təhsil sahəsində son 2 il ərzində islahatların aparılması ilə yanaşı, beynəlxalq təcrübənin tətbiqinə də geniş yer verilib: "Bu gün təhsil sahəsində vacib islahatlar aparılır. Bunların hamısının təməlini ümumtəhsil təşkil edir. Bu sahədə çalışan hər bir kəs üzərinə düşən məsuliyyəti dərk edir. Ümumtəhsil sahəsi təhsil sisteminin təməl sütunudur və şəxsiyyətin formalaşması buradan başlayır".
M. Vəliyevanın bu açıqlaması birmənalı qarşılanmayıb. Təhsil İdarəsinin direktorunun açıqlaması sosial şəbəkələrdə etirazla qarşılanıb. Əksər valideynlər məktəblərin valideynlərin hesabına maliyyələşəcəyini düşünür. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsində qeyd edilir: "Hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir". Yəni, dövlət hər bir şəxsə pulsuz təhsil hüququ zəmanəti verir. Belə olanda, M. Vəliyevanın açıqlaması ilk növbədə ancaq ümumxalq referendumu yolu ilə dəyişdirilə biləcək Konstitusiyanın müddəasının pozulması anlamına gəlir.
Narazılıqları nəzərə alan Bakı Təhsil İdarəsi növbəti açıqlama ilə çıxış edərək, direktorun bəyanatına aydınlıq gətirdi. İkinci açıqlamada qeyd edilir ki, məktəblərin özünümaliyyələşdirməsi, heç də təhsilin ödənişli olması demək deyil. Belə ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5.1.1-ci və 5.2.3-cü bəndlərində aydın şəkildə qeyd olunur ki, ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması 2016-cı ildən, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi 2017-ci ildən başlayaraq icra olunacaq. Bu isə sadəcə ənənəvi maliyyələşdirmə mexanizmindən adambaşına maliyyələşdirmə mexanizminə keçidi ehtiva edir. Yəni, daha sadə formada ifadə etsək, burada məktəblərin ödənişli olmasından söhbət getmir, dünya təcrübəsinə uyğun olaraq, təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə müəyyənləşdirilməsi nəzərdə tutulur.
Beləliklə, Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyevanın və başçılıq etdiyi qurumun açıqlamaları onsuz da təhsil ilinin əvvəlindən gərginlik yaşayan insanları bir qədər də əsəbiləşdirib və çaşdırıb. Bəziləri Təhsil İdarəsinin açıqlamasını geriyə atılan addım, digərləri isə baş aldatmaq kimi dəyərləndiriblər. Bəs həqiqət necədir? Azərbaycanda təhsil ödənişli ola bilərmi?
Məsələyə aydınlıq gətirən təhsil eksperti Kamran Əsədov bildirir ki, burada özünümaliyyələşdirmə təkcə valideynlərin ödəniş etməsi kimi nəzərdə tutulmur. Çünki 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, dövlət pulsuz təhsil verməyi öz üzərinə götürüb.
Ekspert deyir ki, burada tamam başqa formada maliyyələşmədən söhbət gedir. Yəni hər bir məktəb xidmət göstərməlidir: "Bu gün təkcə Bakı şəhəri üzrə 700 dən çox hazırıq kursu, tədris mərkəzi, bu və ya digər fəaliyyət və fənlərdən sayı heçdə 10 mindən az olmayan repetitor xidməti fəaliyyət göstərir. Bunlar heç bir mənbədən maliyyələşdirilmir, göstərilən xidmətlərə görə həm öz xərclərini ödəyirlər, həmdə gəlir əldə edirlər. Hər bir məktəbin qanuni əsaslarla böyük məbləğdə gəlir əldə etmək imkanı var".
"Məktəbin binası və infrastrukturunu dərsdən sonra geniş şəkildə istifadə etmək olar. Belə ki, məktəbdə rəqs dərsləri, şahmat dərsləri keçirmək olar. Bununla yanaşı, rəsm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmaqla məktəb bu xidmətlərdən gəlir əldə edə bilər. Bunlardan başqa, məktəb qrant layihələri, tender və müsabiqələrdə iştirak etməklə öz gəlirini artırılmaq imkanlarına malikdir" — o, əlavə edir.
Ekspert bildirir ki, 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bununla bağlı hüquqi tənzimləmə üçün qanunvericiliklə müəyyən edilmiş qaydalar hazırlanıb. Belə ki, məktəb rəhbərliyi öz kontingentindən istifadə etməklə məktəbdə treninqlər, təlimlər keçirə bilər ki, bundan da böyük həcmdə vəsaitin əldə edilməsi mümkündür.
Əsədov bildirir ki, bu heç də valideynlərin təxmin etdiyi kimi olmayacaq. Yəni özünümaliyyələşdirmə valideynin hesabına təhsil demək deyil. Çünki qanunvericilik aktlarına görə dövlət minimum təhsil verməyə borcludur: "Bundan başqa orta məktəblər dərsdən sonra ödənişli təhsil xidmətləri göstərə bilərlər ki, bu zaman valideynlər könüllü olaraq ödəniş edə bilərlər. Amma birbaşa orta məktəblərin pullu olması mümkün deyil".
Təhsil eksperti Nabatəli Qulamoğlunun sözlərinə görə, qanuna əsasən, təhsil dövlət, özəl və bələdiyyə sektoru olmaqla 3 hissəyə bölünür: "Bələdiyyə sektoru hələ kağız üzərindədir, yəni, bu, ölkədə yoxdur. Ümumiyyətlə isə təhsil pulsuzdur. Hər bir kəsin dövlət məktəbində öz övladını oxutmaq haqqı vardır".
Ekspert bildirir ki, təhsildə islahat aparmaq planı var, amma təhsil islahatı bu şəkildə aparılmır: "Təhsil islahatı odur ki, özəl məktəblərlə dövlət məktəblərinə eyni gözlə baxılsın. Yəni, hər iki sahəyə dövlət maliyyə ayırsın. Yəni onların hər iksinə imkan yaradılmalıdır ki, sektorlararası inteqrasiya baş versin. Təhsilin onurğa sütunu budur. Dövlət sektoru bu gün ölmüş vəziyyətdədir. Çünki məktəblərdə müəllim bilir ki, dövlət artıq maliyyəni ayırıb. Müəllimlər də sinfə girib-çıxır, amma effekt yoxdur. Özəl sektorda isə canlanma var. Səbəb isə odur ki, maliyyə-təhsil asılılığı olan yerdə təhsil inkişaf edir. Yəni, sən mənə pul ver, mən sənə təhsil. Dövlət məktəblərində nə qədər ki bu asılılıq yoxdur, təhsilin inkişafından söhbət gedə bilməz. Azərbaycan təhsilinin də ağrılı yeri bu asılılığın olmamasıdır. Dövlət sektorunda rəqabət yoxdur. Onlar bilir ki, öyrətsələr də, öyrətməsələr də pulları gələcək".
Ekspertin fikrincə ölkədə özünümaliyyələşdirmə təhsil müəssisələrinə müstəqilliyin verilməsi deməkdir: "Bu prosesdə özünü daha çox göstərə bilən, daha çox şagirdi ali məktəblərə daxil olan məktəblərə marağı artıracaq. Valideynlər də çalışacaq övladlarını belə məktəblərə qoysunlar. Məktəbə daha çox müraciətlər edildikcə, təhsilin qiyməti artacaq və valideynlər məcbur olacaq ki, təhsilə daha çox pul ayırsın. Lazımi səviyyədə qoyulan pul özünümaliyyələşdirmə deməkdir. Bilmirəm Məhəbbət Vəliyeva özünümaliyyələşdirmə dedikdə nə nəzərdə tutub. Amma mənim fikrimcə dediyim kimidir".
Ekspert deyir ki, bu tədrici prosesdir. Ola bilər ki, belə davam etməklə özəl sektora daha çox yer verib, dövlət sektorunu azaldarlar. Belə olan şəraitdə sektorlararası rəqabət yarana bilər.
N. Qulamoğlu M. Vəliyevanın qeyd etdiyi "özünümaliyyələşdirmə" ifadəsini də başa düşmədiyini deyir. Çünki ölkədə təhsil pulsuzdur. Ekspert bildirir ki, ən yaxşı halda "özünümaliyyləşdirmə" ifadəsinin açıqlamasını da M. Vəliyevadan almaq lazımdır.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. Maraqlıdır ki, nazirlik rəsmisi tabeliklərində olan qurumun direktorunun açıqlamasına şərh vermək istəmədi.